Böyük Quruluş Partiyasının MSK-ya namizədi dəqiqləşdi

22 Aprel 2021 14:23 (UTC+04:00)

Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına təqdim edəcəkləri namizədi müəyyənləşdiriblər.

AzNews.az bildirir ki, bu barədə Modern.az-a Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa məlumat verib. O qeyd edib ki, BQP-nin MSK-da 1 namizədi olacaq:

“Namizədin müəyyən edilməsi üçün biz parlament partiyası olaraq, toplantımızı keçirdik. Əvvəlki dönəmdə BQP-nin təmsilçiliyi Baxşeyiş Əsgərova həvalə olunmuşdu. Yenidən ona etimad göstərildi və MSK üzvlüyünə namizəd kimi təqdim edildi”.

Qeyd edək ki, Baxşeyiş Əsgərov 2011-ci ildən MSK-nın üzvüdür. 2016-cı ilədək namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülüb. 9 aprel 2016-cı ildə isə Böyük Quruluş Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyası tərəfindən ortaq namizəd olaraq irəli sürülüb.