Partiya sədri polislərin maaşının ikiqat artırılmasını təklif edib

23 Aprel 2021 13:56 (UTC+04:00)

“Cinayətkarlığın artım səviyyəsi ilə yoxsulluq arasında birbaşa əlaqə var. Amma yeganə səbəb bu deyil. Dünyanın ən inkişaf etmiş ölkələrdən biri olan ABŞ-da cinayətkarlığın səviyyəsi, ağır cinayətlərin sayı digər ölkələrdən çoxdur. İnsanlar sırf işsizlikdən cinayət törətmirlər. İnsanlar boşluqlardan faydalanmaq, daha tez varlanmaq istəyirlər”.

AzNews.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev parlamentdə insan alverinə qarşı mübarizə üzrə illik hesabatda çıxış edərkən deyib.

O, çıxışında polis orqanları əməkdaşlarının əmək haqlarının artırılmasını təklif edib. Bildirib ki, əməkhaqlarının ən azı iki dəfə artırılmasına ehtiyac var: “Qarşıdan büdcənin hazırlanması işləri gəlir. Aidiyyəti dövlət orqanları yəqin ki, bu məsələni nəzərə alar. Çünki polis orqanları ölkədə ən az maaş alan qurumlardan biridir. Xoşagəlməz halların da bir çoxu maaş azlığından yaranır”.