Məcburi köçkünü yaşadığı evdə ilan sancdı - Tərtərdə

15 İyun 2013 10:20 (UTC+04:00)
Tərtər rayonunda ilansancma faktı qeydə alınıb.


Tərtər rayonu Şəhriyar qəsəbəsində Qrev kombinatı deyilən idarəetmə binasında məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Vəliyeva Sahilə Vəli qızını yaşadığı otaqda zəhərli ilan sancıb. İlanın gürzə olduğu bildirilir.

Sol ayağının 4-cü barmağından sancan gürzə qaçmağa müvəffəq olub. Sahilə Vəliyeva Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilk tibbi yardım alan Sahilə Vəliyeva vəziyyəti ağır olduğundan, müalicəsini davam etdirmək üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına köçürülüb.

Xəstəxanadan verilən məlumata görə, xəsarət alan şəxsə zəhər əleyhinə zərdab vurulub, hazırda vəziyyəti normaldır.

Nəzərinizə çatdıraq ki, yaz mövsümü başlayandan bu, ilansancma faktı qeydə alınan 8-ci hadisədir.//trend//

AzNews.az