Taksimə dəstək aksiyaları İstanbulda bütün gecə davam edib

16 İyun 2013 07:44 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, dünən gecə istanbullular yenidən ayağa qalxmışdı. Onların etiraz aksiyalarına polislərin müdaxilə etməsinə baxmayaraq,etirazçılar yenə öz şüarlarını səsləndirir,istədiklərini dilə gətirirdilər.

Məlumat üçün bildirək ki, İstanbulda Taksim meydanı boşaldılandan sonra etirazlar gecə saatlarında da səngiməyib.

AzNews.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, gecə boyu müxtəlif etirazçı qrupları şəhərin fərqli yerlərindən Taksimə doğru irəliləməyə cəhd ediblər. Lakin polislər bu qrupların qarşısını kəsib və onları dağıtmağa nail olublar. Bundan əlavə, şəhərin müxtəlif yerlərində lokal etiraz aksiyaları keçirilib. Təhlükəsizlik qüvvələri sözügedən etiraz aksiyalarını da dağıdıblar. Şəhərin bir çox yerlərində etirazçılar tərəfindən avtomobillər də yandırılıb.

Qeyd edək ki, aksiyalara polislər tərəfindən müdaxilə edilən zaman "Divan" otelinin qarşısında olan Almaniya Yaşıllar partiyasının həmsədri Klaudia Rot da gözyaşardıcı qazdan xəsarət alıb. Polis müdaxiləsinin qarşısını almaq istəyən CXP-li millət vəkili Ramis Topalın burnu qırılıb, digər millət vəkili Sezgin Tanrıkulu da yaralanıb.


AzNews.az