İrana qarşı sanksiyaların ləğvi barədə ilkin razılıq əldə olundu

2 May 2021 15:49 (UTC+04:00)

İranın bir çox hüquqi və fiziki şəxslərinin adlarının ABŞ-ın sanksiyalar siyahısından çıxarılması haqqında razılıq əldə olunub.

AzNews.az xəbər verir ki, bu sözləri Vyanada nüvə proqramı ilə əlaqədar Avropa dövlətləri ilə aparılan danışıqlara rəhbərlik edən İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı deyib. O bildirib ki, danışıqlar davam edir və növbəti mərhələdə enerji sahəsinə tətbiq olunan sanksiyaların aradan qaldırılması müzakirə olunacaq.

Onun sözlərinə görə neft, qaz, maşınqayırma, maliyyə və başqa sahələrə tətbiq olunan sanksiyalar müzakirə olunacaq. Əslində bu sahələrə tətbiq olunan sanksiyaların aradan qaldırılması üçün ümumi razılıq əldə olunub. Lakin məsələnin detalları müzakirə edilməlidir.

Nazir müavini nəzərə çatdırıb Vyanada aparılan danışıqlar konstruktiv formada davam edir.

Nəzərə çatdıraq ki, ABŞ-ın birbaşa iştirakı olmasa da Vyanada İran nümayəndə heyəti ilə Rusiya, Fransa, Almaniya və Böyük Britaniya nümayəndələri görüş keçirir.