Musavat.com: “Biz rəsmi olaraq Ermənistana qarşı ərazi iddiaları irəli sürməliyik” - Tofiq Zülfüqarov

5 May 2021 03:01 (UTC+04:00)

“Qarabağ ermənilərinə sözümüz olmalıdır ki, bizim qanunlarımızı pozsanız, sizə vətəndaşlıq verilməyəcək və qanun qarşısında cavab verəcəksiniz”

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”ın suallarını cavablandırıb. Diplomat postmüharibə dövründə Qarabağ ətrafındakı vəziyyət, Rusiya baş diplomatının bölgəyə gözlənilən səfəri ilə bağlı fikirlərini bölüşüb, Ermənistanın konstruktiv siyasətinin qarşılığında Azərbaycanın atmalı olduğu addımlarla bağlı ilginc təşəbbüslə çıxış edib.

- Tofiq bəy, Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 4-5-də İrəvanda olacaq. Ermənistana səfər etdikdən bir neçə gün sonra isə o, Bakıya gələcək. Rusiya xarici siyasət idarəsinin başçısının səfərindən nə gözləyirsiniz?

- Doğrusu, mən fövqəladə hansısa yenilikləri gözləmirəm. Keçən ilə nəzər salsaq, görərik ki, Lavrov və XİN bir çox proseslərdən kənarda qalıblar. Əsas mövzuların həll olunması ilə bağlı müzakirələr iki dövlət başçısının, prezident Putin və prezident İlham Əliyev arasında gedir. Qarabağ mövzusuna aid müzakirəni istisna etmirəm. İkitərəfli əlaqələr də müzakirə mövzusu ola bilər. Həmçinin beynəlxalq müstəvidə koordinasiya məsələlərinin müzakirəyə çıxarılması mümkündür. Amma çox da vacib, kardinal mövzuları gözləmirəm. Çünki artıq Rusiya mətbuatına baxsanız, görərsiniz ki, orada müxtəlif fikirlər səslənir. Məsələn, qeyd olunur ki, konstitusiya dəyişikliklərinin nəzərdə tutulması ilə əlaqədar olaraq Lavrov getməyə hazırlaşır. Bu baxımdan hesab olunur ki, Rusiyada siyasi arena yaşlaşmış, təqaüd yaşına çatmış insanladan təmizlənəcək. Bir neçə adlar çəkilir, o cümlədən orada Lavrov da var.

- Maraqlısı budur ki, Ermənistan üçün kifayət qədər yaxşılıqları keçən Lavrova İrəvanda kəskin münasibət mövcuddur, hətta onu ölkəyə buraxmamaqla bağlı çağırışlar eşidilməkdədir. Niyə?

- Əslinə qalsa, Lavrov davası deyil. Burada seçkilər qabağı əsas mövzu “Ermənistan ruspərəst münasibəti davam etdirsin, yoxsa qərbpərəst”dir. Bu mənada Lavrova münasibət təkcə onun şəxsiyyəti ilə bağlı deyil. Ümumiyyətcə, keçən ilin hadisələri, həmçinin gələcəklə əlaqədar Rusiyanın ünvanına tənqidi fikirlər səslənir ki, artıq Rusiyadan əl çəkmək və qərbyönümlü siyasət həyata keçirmək lazımdır.

- Rusiya XİN rəhbərinin 2017-ci ilin yanvarında səsləndirdiyi “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”, bəyanatını və ondan sonra diplomata ölkəmizdəki sərt mövqeləri unutmamışıq. Amma 44 günlük savaşdan və qələbədən sonra prezident Putinin “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”, mövqeyi mövcuddur. Necə bilirsiniz, Lavrov Qafqaza səfərlərində özünün ənənəvi mövqeyinə istinad edəcək, yoxsa Putinin mövqeyi onun görüşlərində əsas olacaq?

- Lavrov heç nə edə bilməz. Azərbaycan xalqının iradəsi, Azərbaycan dövlətinin gücü olan yerdə 10 dənə, ya 100 dənə Lavrov heç nə edə bilməz, biz bunu başa düşməliyik. Bəli, nə isə yaxşı niyyəti olsa, bunu qəbul edəcəyik. Pis niyyəti olsa, qulaq asacağıq və deyəcəyik “xoş getdin!” Mən ona görə deyirəm ki, təzə bir şey gözləmirəm. Bəli, Lavrov böyük bir ölkəni, Rusiyanı təmsil edir, bizim qonşumuzdur. Amma bəzi mövzularda o, söz sahibi deyil axı. Biz gərək o köhnə məntiqi yaddan çıxaraq: kimsə gəlib taleyimizi həll edəcək. Artıq Azərbaycan əsgəri taleyimizi həll edib, vəssalam!

- Doğrudur. Amma Rusiya daxil, həmsədr ölkələr hələ də status söhbətini qabartmağa çalışırlar, yenidən dövriyyəyə girməyə cəhd göstərirlər. Lavrov da bu ərəfədə İrəvan və Bakı yolçuluğuna başlayır. Belə çıxır ki, hansısa təklfiləri İrəvana təqdim etdikdən sonra Putinlə məsləhətləşmək üçün qayıdacaq və yenidən Qafqaza gələcək. Bu fakt sizə heç nə demir?

- Burada bir məsələ var. Həmsədr dediyiniz ölkələrə Azərbaycan Prezidenti nə dedi? Dedi ki, gedin, fikirləşin, sülh prosesinə təklifiniz nə ola bilər? Yeni təklif gətirin, biz müzakirə edək. Get, fikirləş, faydalı bir söz desən, sənə qulaq asacağıq! Xeyrimizə olmayan söhbətlər açsan, yaxşı yol! Ayrı cür ola bilər? Bizə güclə nə isə qəbul etdirmək olar? Yox. Fəaliyyətini davam etdirmək istəyən Minsk Qrupuna söz deyilib artıq. Heç olmasa aktual bir mövzuları müzakirə edin, təklif verin, humanitar yardım üçün konfrans təşkil edin, oradakı vəziyyəti qiymətləndirmək üçün missiyalar göndərin. Yəni hansı bölgələrə kömək etməyə ehtiyac var, baxın, görün hansı ölkələr kömək etmək istəyirlər. Lavrov gedib orada danışacaq, sonra da buraya gələcək. Mən burada nə isə problemli bir şey görmürəm.

- Yəni status məsələsi müzakirə predmeti ola bilməz?

- Prezident deyib də, status gorbagor oldu. (Ürəkdən gülür). Mən artıq köhnə söhbətləri yaddan çıxartmışam.

- Bu da var ki, Rusiya sülhməramlılarının bölgədə olması separatçılar üçün stimula çevrilib. Araikin Moskvaya çağırılmasını da unutmayaq. Bu mənada çox da arxayınlaşmağın fəsadları ola bilər...

- Mən mənzərəni bir az geniş götürmək istəyirəm. Bizim əsas məqsədimiz sərhədyanı bölgələrə qayıdış prosesini təmin etmək, orada güclənməkdir. Təkcə ordunun yox, mülki əhalinin qayıdışını təmin etməli, infrostrukturun bərpa işlərini həyata keçirməliyik. Yəni real qayıdışı təmin edək. Sonra isə bizi narahat edən məsələlərlə bağlı, real vəziyyət əsasında hansısa mövzuları müzakirə edə bilərik. Qarabağ ermənisi danışır da, ona qulaq asan yanındakı 5-10 ermənidir. Biz buna fikir verməməliyik. Bu baxımdan cəmiyyətdə bir az fərqli münasibət formalaşdırmalıyıq. Sərhədi bərpa etmişik, ermənilərin iddiaları sərhədin o tərəfində qalıb. Laçında addımbaaddım nəzarətimizi artırmalıyıq. Qayıdış prosesini sürətləndirməliyik. Aktual işlər budur. Bütün bunlardan sonra baxacağıq ki, orada kim şuluqluq edir, qanunlarımıza zidd söhbətlər aparır, onların da çarəsini taparıq, heç bir problem yoxdur. Sadəcə olaraq, indi bu cür söhbətlər aparan Qarabağ ermənilərinə sözümüz olmalıdır ki, siz bizim qanunlarımızı pozsanız, sizə vətəndaşlıq verilməyəcək və qanun qarşısında cavab verəcəksiniz, vəssalam! Yəni biz onlara konstitusiyamıza əməl etməyi təklif edirik. Açıq şəkildə deyirik ki, konstitusiyaya uyğun davransan, vətəndaşlıq alacaqsan. Məsələ bitdi artıq! Bəs nəyə görə deyirik müharibənin qalibiyik? Yəni addımbaaddım bu təzyiq güclənəcək. Biz ora qayıtmalıyıq, güclənməliyik və orada işlər görülməlidir.

- Həm də Xankəndi, Xocalı, Xocavəndə, eləmi?

- Təbii, onun da vaxtı gəlib çatacaq. İndi hansı mərhələdir? Görürük ki, Ermənistan qoşunları Azərbaycan ərazisini, Rusiya sülhməramlılarının olduğu bölgələri tərk edirlər, ağır silahları çıxarırlar. Bu proses tam şəkildə bitməlidir. İkinci mərhələdə proses ondan ibarət olmalıdır ki, orada daxili təhlükəsizliyi təmin edən qeyri-qanuni birləşmələr buraxılmalı, onların əvəzinə Azərbaycan Konstitusiyasına uyğun olaraq qurumlar təşkil olunmalıdır. Bununla paralel iqtisadi sahədə, digər sahələrdə qanunlarımıza uyğun hansısa addımlar atılmalıdır. Baxın, indi Laçın dəhlizindən müxtəlif ölkələrdən hansısa mallar gəlir, yeyinti məhsulları, geyim və sair. Onlar Azərbaycan ərazisinə hansı qanunların əsasında daxil olurlar?

- Hələ nə gətirdikləri də dəqiq bilinmir...

- O öz yerində. Mən başa düşürəm ki, oraya yeyinti məhsulları, geyim gətirilməlidir, hər halda, əhali yaşayır. Amma orada Azərbaycan qanunları tətbiq olunmalıdır. Gömrük, Sərhəd Xidməti olmalıdır, vergi verilməlidir və sair. Bu işlərə ordan başlamalıyıq. Həmçinin orada manat dövriyyəyə buraxılmalıdır. Çox məsələlər var. Yəni “Lavrov gəldi, nə isə dedi” mövzusundan uzaqlaşmalıyıq, daha çox bu mövzular ətrafında işlər görməliyik. Qarabağdakı ermənilərə münasibətdə Azərbaycan qanunları tətbiq olunmalıdır, necə ki, digər vətəndaşlarımıza tətbiq olunur. Bizimçün bu ölkədə yaşayan vətəndaşların milliyyətinin fərqi yoxdur.

- Dağlıq Qarabağın Azərbaycanlı İcmasının ləğvi də yerində verilmiş qərar idi, elə deyilmi?

- Mən onu çoxdan deyirdim və icmanın mövcudluğunu tənqid edənlərdən biri idim. Azərbaycanın daxilində Azərbaycan icması? Belə şey olar? Bu mənada icmanın ləğvini bir fakt kimi götürmürəm. Cənab Prezident aylar öncə dedi ki, status olmayacaq, Qarabağ ermənilərinə digər vətəndaşlarımızın malik olduğu hüquqlar veriləcək. Odur ki, ermənilərin və ermənipərəstlərin iddiaları kənara atılmış oldu.

- Qarşıdakı dönəmdə bərpa işləri ilə yanaşı, daha hansı addımların atılmasını zəruri hesab edirsiniz?

- Birincisi, danışıqlara ehtiyac yoxdur. Bəziləri deyir münaqişə bitməyib. Münaqişə bitib. Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulub və qoyulmaqdadır. O ki qaldı orada yaşayan ermənilər, onlarla konflikt yoxdur. Biz bunu reinteqrasiya prosesinin problemi kimi qəbul edirik. Yəni orada münaqişə yoxdur. Münaqişə olmayan yerdə vasitəçilik də yoxdur. Yəni həmsədrlər bir daha özlərinə əziyyət verib buralara gəlməsinlər. Onlara deyilib ki, vaxtilə sizi vasitəçilik etməyə çağırmışdıq. Gəldiniz, bacarmadınız. İndi isə çağırmamışıq. Status məsələsi də bitib. Cənab Prezident dedi, status vermək istəyirsinizsə, getdin Marseldə verin!

- Bəs bunun qarşılığında hansısa qüvvələr Zəngəzur dəhlizinin açılmasının qarşısını ala bilərmi?

- Mənim mövqeyim bundan ibarətdir ki, biz rəsmi olaraq Ermənistana qarşı ərazi iddiaları irəli sürməliyik. Bizim tarixi əsaslarımız var. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımırsa, 30 il ərzində bunu açıq bəyan edibsə, biz niyə onlara qarşı ərazi iddialarımızı rəsmi olaraq irəli sürməyək? Kimsə irad tutsa, biz deyəcəyik bunlar bizə qarşı ərazi iddiası irəli sürürsə, biz niyə irəli sürməməliyik? Artıq sərhədi bərpa etmişik. Ona görə vaxtı gəlib çatıb ki, Zəngəzura, digər ərazilərə aid rəsmi olaraq iddiamızı irəli sürək. Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları konstitusiyada təsbit olunub. Biz də rəsmi olaraq onlara qarşı ərazi iddialarımızı irəli sürməliyik. Dəhlizi də bunun çərçivəsində həll edəcəyik. Əgər Ermənistan deyirsə, mən bu sərhədi tanımaq istəmirəm, biz niyə onun ərazi bütövlüyünü tanımalıyıq? Tanımaq istəmirsən, mən də istəmirəm. Gəl, araşdıraq, görə İrəvan, Zəngəzur, Göyçə mahalı kimindir?

- Son zamanlar bu mövzuda çox danışılır, hiss olunur ki, ermənilər narahatdır...

- İctimaiyyət tərəfindən artıq bu məsələlər müzakirə olunur. İndi biz rəsmi də deməliyik, Ərazi iddialarımızı ortaya qoymalıyıq. Biz ikitərəfli münasibətlərdə qarşılıqlı olaraq vəziyyəti qiymətləndirib o qənaətə gəlmişik ki, bu, bizim ərazimizə qarşı hərbi təcavüz edib, siyasi baxımdan bizim ərazi bütövlüyümüzü tanımır, ərazimizdə ikinci erməni dövləti yaratmaq fikrindəydi və sair. Ancaq artıq buna son qoyulub. İndi isə biz öz tərəfimizdən fikirləşirik ki, bu ölkə bizə borcludur və tarixi torpaqlarımızı qaytarmalıdır.

- Yəni təkcə təzminat qarşılığında deyil, eləmi?

- Yox, təzminat məsələsinə sonra baxılacaq, “malı mala qatmayaq”. Bu, təzminat söhbəti deyil, ora bizim tarixi ərazimizdir. Orada münaqişədən qabaq nə qədər azərbaycanlı yaşayırdı, bu insanlar etnik təmizləmələrə məruz qalıblar.

- Ermənilərin Qarabağa qayıdışının qarşılığında Zəngəzur əhalisinin geri qaytarılması tələbini də qoymaq olardı...

- Bəli, əgər kimsə bizim qarşımızda hansısa mövzuları qoysa, müxtəlif arqumentlərdən istifadə edə bilərik. Amma biz siyasi addım kimi, Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarını xatırlatmaq kifayətdir. Bu iddialar Ermənistan konstitusiyasının bir hissəsidir. Onlara olar, bizə olmaz?! Xeyir ola?..

“Yeni Müsavat”