Bu il azad edilmiş ərazilərin bərpasına 1,5 milyard dollar vəsait qoyulacaq - Nazir

5 May 2021 19:41 (UTC+04:00)

Bu il Azərbaycan hökuməti erməni işğalından azad edilmiş ərazilərin bərpasına 1,5 milyard dollar vəsait qoyacaq.

Aznews.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının onlayn iclasında deyib.

Nazir bildirib ki, regionda vacib nəqliyyat qovşağı olan Azərbaycan trans-sərhəd və tranzit prosedurları və logistikanı təkmilləşdirir, eləcə də logistika sistemini və ticarət proseslərini rəqəmsallaşdırır.

M.Cabbarovun sözlərinə görə, regionun bərpası həm dövlət investisiyaları, həm də cəlb olunan investisiyalar hesabına həyata keçiriləcək: "Biz investorlar üçün cəlbedici şərait yaradacağıq. İnvestisiyalara açıq olmağı deyərkən, bu o demək deyil ki, Azərbaycan xarici investisiyalar olmadan öz borcunu yerinə yetirə bilməyəcək. Bu il biz regionun bərpasına 1,5 milyard dollar vəsait qoymağı planlaşdırırıq".