Probasiya şöbəsinin məsləhətçilərinə sürücülük hüququndan məhrumetmə sahəsində səlahiyyət verilib

6 May 2021 18:40 (UTC+04:00)

Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə ilə bağlı fəaliyyətin təşkilində probasiya idarəsinin (şöbəsinin) baş məsləhətçisi, böyük məsləhətçisi və aparıcı məsləhətçisi iştirak edəcək.

Aznews.az xəbər verir ki, bu, Ədliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə “Yerli icra və probasiya qurumlarının Nümunəvi Əsasnaməsi”nə əlavə edilən yeni - 5.12-ci bənddə əksini tapıb.

Ədliyyə Nazirliyinin rayon (şəhər) icra və probasiya şöbələri, probasiya idarələri və şöbələri, icra idarələri və şöbələri Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan müvafiq cəzaların icrasını və aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən, habelə probasiya nəzarətini həyata keçirən yerli struktur qurumlarıdır. Dəyişikliyə əsasən, probasiya idarəsinin (şöbəsinin) baş məsləhətçisi, böyük məsləhətçisi və aparıcı məsləhətçisinin hüquq və vəzifələri müəyyənləşib. Həmin hüquq və vəzifələr aşağıdakılardır:

- cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətin təşkilində iştirak edir;

- şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətin təşkilində iştirak edir;

- barəsində məhkəmə hökmü qanuni qüvvəyə minmiş həbsdə olmayan məhkumların məntəqə tipli cəzaçəkmə müəssisələrinə göndərilməsi ilə bağlı fəaliyyətin təşkilində iştirak edir;

- cinayət törətmiş və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş (cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar istisna olmaqla), habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətin təşkilində iştirak edir;

- ictimai işlər növündə inzibati tənbehin icrası ilə bağlı fəaliyyətin təşkilində iştirak edir;

- probasiya qeydiyyatında olan şəxslərlə bağlı müvafiq orqan və təşkilatlarla qarşılıqlı məlumat mübadiləsi işini aparır;

- qanunvericilikdə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, yetkinlik yaşına çatmayan məhkumların cəzalarının icrasının təşkilində iştirak edir;

- üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin profilaktikası üzrə fəaliyyəti təmin etməklə əlaqədar işlərin təşkilində iştirak edir;

- üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərin sosial adaptasiyası və reabilitasiyası üzrə işlərin təşkilində iştirak edir;

- müraciətlərə, o cümlədən icra məmurlarının (probasiya üzrə) qərar və hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayətlərə baxır və müvafiq tədbirlər görülməsi üçün təkliflər verir;

- kargüzarlıq və arxiv işinin təşkilinin təmin edilməsi üzrə işlər aparır;

- fəaliyyət istiqamətlərinə uyğun rəylər tərtib edir, təhlillər və ümumiləşdirmələr aparır, idarənin (şöbənin) statistik hesabatlarını, analitik materiallar və müvafiq təkliflər hazırlayır;

- stajorlar və sınaq keçmə müddətində olan şəxslərlə aparılan işdə iştirak edir;

- idarə (şöbə) rəhbərliyinin tapşırığına əsasən işçilər tərəfindən icra və əmək intizamına riayət olunması vəziyyətinin yoxlanılmasında iştirak edir;

- hüquqi maarifləndirmə işinin aparılmasında iştirak edir;

- peşə hazırlığının yüksəldilməsi məqsədi ilə qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır;

- xidməti fəaliyyətlə bağlı idarə (şöbə) rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.