Hadrutda düşmənin çirkləndirdiyi su mənbələri təmizlənir - REPORTAJ

7 May 2021 18:47 (UTC+04:00)

Su aydınlıqdır deyiblər. 44 günlük Vətən Müharibəsi zamanı ordumuz işğal altında qalan torpaqlarımızı azad edərək aydınlığa qovuşdurdu. Hazırda dayandığımız Xocavənd rayonunun Hadrut qəsəbəsi də tam şəkildə su ilə təmin olunub.

Bir qrup media nümayəndəsinin işğaldan azad olunan Xocavənd rayonu Hadrut qəsəbəsinə səfəri təşkil olunub. “Azərsu” ASC tərəfindən təşkil olunan səfərin əsas məqsədi Hadrut qəsəbəsinin su təchizatı işləri ilə yaxından tanış olmaq olub.

Jurnalistlər öncə mərmi partlaması nəticəsində sıradan çıxmış su xəttinin təmiri işlərinin gedişatını izləyiblər.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Hadrut qəsəbəsində su təchizatının tam normallaşdırılması üçün bir neçə istiqamətdə işlər gedir.

Hadrut qəsəbəsi işğal müddətində düşmən tərəfindən qismən dağıdılıb. Coğrafi mövqeyinə, füsunkar təbiətinə hər zaman həsəd aparan ermənilər qəsəbədə mümkün qədər çox məskunlaşmağa çalışıb. Lakin 44 günlük müharibədə məğlub olduğunu görən düşmən mənfur xislətlərinə sadiq qalaraq qəsəbənin digər infrastrukturu ilə yanaşı, su təchizatını da sıradan çıxarmağa çalışıblar.

Həmçinin içməli su mənbələri düşmən tərəfindən çirkləndirilib. Hazırda içməli su mənbələrinin təmizliyinin yoxlanması istiqamətində də işlər aparılır. Bu məqsədlə səyyar laboratoriya avtomobili də ayrılıb.

Qeyd edək ki, hazırda Hadrut qəsəbəsində 1 saat ərzində 60 kub/metr su verilir. Qəsəbə ərazisində yerləşən hərbi hissə, hərbi hospital tam şəkildə su ilə təmin olunub.

Gələcəkdə qəsəbədə yaşayışın genişlənməsinə paralel olaraq su təchizatı da yaxşılaşdırılacaq.