Üç ölkədən bu məhsulların idxalına qadağa qoyuldu

9 May 2021 10:22 (UTC+04:00)

İsrail Dövlətinin Cənub dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Cənubi Afrika Respublikasının Şimal-Qərb və Rumıniyanın Mureș inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

AzNews.az xəbər verir ki, bu barədə AQTA-nın yaydığı məlumatda deyilir.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə İsrail Dövlətinin Cənub dairəsindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən, genetik materialların, habelə Cənubi Afrika Respublikasının Şimal-Qərb və Rumıniyanın Mureș inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsrail Dövlətindən, Cənubi Afrika və Rumıniya respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.