“İçimizdəki nakişiləri yerində oturtmasaq...“

16 İyun 2013 22:54 (UTC+04:00)


Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev müəllif yazısı ilə çıxış edib. O, bu dəfə iqtidaryönlü gəncləri sərt təqdim edib. Yazının marağa səbəb olacağını nəzərə alıb, onu oxuculara təqdim edirik:


Bu haqda çox danışmışam. Hər nə qədər acı, ağrılı, təəssüfedici olsa da çox danışmışam! Bu gün də danışıram. Sabah da danışacam! Vəziyyət dəyişməyincə danışacam!

Mövzu iqtidaryönlü gənclikdir. İllərdir üzərlərində çox qəribə soyuqqanlıq müşahidə etdiyim, böyük əksəriyyəti təşəbbüssüz olan, özünü cəncələ, əziyyətə, çətinə salmaqla, ən nəhayət "sarı sim"ə toxunmaqla heç arası olmayan gənclik- Təbii ki, söhbət siyasiləşmiş təbəqədən gedir.

Yoxdurlar ortalarda. Əslində varlar. Sadəcə ortalarda deyil, özlərinə məxsus ortamlardadırlar. Qrant denən, anasını ağlatsınlar, pafoslu çıxış denən boş-boş mətnlərlə bərli-bəzəkli otaqlarda cəh-cəh, bəh-bəh vursunlar. Mənasız, gic-gic(ifadəmə görə üzr istəyirəm) tədbirlər denən, gündə yüzünü düzənləsinlər. Amma harda ki, real işə, rəqiblə canlı döyüşə, arqumentli məntiqə, fədakar dirənişə, cəsarətə ehtiyac var – anındaca göyə elə buxarlasınlar ki, ruhun belə inciməsin!

Bu yaxınlarda hakimiyyətin ən üst mərtəbələrə dartıb(zorla) çıxardığı gənclərdən biri bilirsinizmi mənə nə deyir? Deyir, sənin Lider TV də nə işin var? Niyə iqtidarı bu qədər ürəkdən müdafiə edib, özünə düşmən qazanırsan? Niyə mətbuatda bu qədər şövqlə, həvəslə müdafiə edirsən bunları? Nə düşüb sənə? Nəyinə lazımdır? Və... inanın tam səmimi deyirəm-mən bu qorxulu ritorikanı bir tək düşərgəmizdə olan gənclərin deyil, bəzən ağlasığmaz iqtidar mənsublarının da fasında acı-acı seyr etmək məcburiyyətində qalıram. Həm də davamlı şəkildə! Niyə? Çünki həzm edə bilmirlər bizi. Onlar etməli olduğunu biz etdiyimiz üçün həzm edə bilmirlər. Təkəbbürə qapılırlar, qarşısındakını da özləri kimi laqeyd, məsuliyyətsiz etmək üçün yüz oyundan çıxırlar. Amma sonuc olaraq yenə də alınmır ki, alınmır.

Hardadır Azərbaycan gənclərinin üst qurumları, rəhbər şəxsləri? Onların işi sadəcə kvartalda bir dəfə yığışıb bəyənat verməkdən, Azərbaycanın səfalı bölgələrində mənasız tədbirlər keçirməkdənmi ibarətdir? Yoxsa beynəlxalq əməkdaşlıq adı ilə turistik səfərlərə çıxmaqdanmı? Niyə efirlərdə yoxlar? Niyə mətbuatda yoxlar? Niyə bir dəfə hansısa müxalifət nümayəndəsini söz duelinə çağırmırlar, ya da çağırılan yerlərə getmirlər? Niyə təşəbbüskar deyillər? Niyə İlham Əliyevçi olduqlarını sözdə deyil, əməldə sübut etməyə cəhd etmirlər?

Siz bilirsinizmi ki, "Azadlıq"radiosundakı debatların az qala 3-dən birinə 21 yaşlı, hələ tələbə olan Fərid Şahbazlı gedir? Onunmu borcudur bu yükün altına girmək? Və ya, o gün ANS-in efirinə baxıram, bu dəfə bir başqa 21 yaşlı gənc-Hacıbəy Heydərli hakimiyyət uğruna növbəti fədakarlığı edir. Etsin! Eşq olsun. Hər ikisinə eşq olsun. Amma qocaman gənclərə də görk olsun! Baxıb utansınlar. Utanmaqları bir yana, barı o dəyərli gənclərin qarşısında yekə-yekə məsləhət verməkdən çəkinsinlər. Onlardan öyrənsinlər. Eyni zamanda anlasınlar ki, bu ölkədə öz yolunu kişi kimi müdafiə edən və əsl İlham Əliyevçi olacaq gənclər kimlərdir!

100 dəfə demişəm, bu da 101-ci olsun. Siyasət ağır menyudur, onu hər kəs qida rasionuna daxil edə bilməz. Daxil etsə belə həzmə verməyi çətin, mümkünsüz olar. Bu meydan sadəcə istedadlılar üçün keçərlidir, orada bacı oğullarına, əmi nəvələrnə, dayı dostlarına yer yoxdur. Orada ümumiyyətlə yararsız olan, siyasətin təyinatına uyğun gəlməyən kimsəyə yer yoxdur! Necə ki, bu gün mənə yüz milyon belə vermiş olsalar yenə gedib hansısa xəstəxanada ürək əməliyyatına girə bilmərəm-çünki cərrah deyil, hüquqşünasam, eləcə də istedadsız adama on illərlə də maya qoysan yenə getdiyi yolun anlamını, dəyərini, mənasını anlamaqda çətinlik çəkəcək!

Odur ki, elə bu əsnada üzümü həmin"solo siyasətşünaslar"a tutub səslənirəm: Sadəcə mane olub, ayağımıza dolaşmayın, yetər. Zatən sizlərin susqunluğunu, qorxaqlığını zaman-zaman kompensasiya etməkdən yorulduq, bezdik. Fəqət içimizdə daima dolaşan çox inadkar bir hiss bu şərəfli yoldan usanmamağa sövq etdi bizi! "Yola davam"-dedi...

Bundan belə də İlham Əliyev yolundan, əsl Azərbaycançılıq yolundan dönsək nakişiyik!

İçimizdəki nakişiləri yerində oturtmasaq isə"duble" nakişiyik!