Yeni prezident iki dəfə and içəcək

17 İyun 2013 07:04 (UTC+04:00)
İranda yeni seçilmiş prezidentin andiçmə mərasimi 2 mərhələdə təşkil olunacaq.

İran mətbuatının yaydığı məlumata görə, avqustun 3-də və 5-də baş tutacaq həmin tədbirin ilk mərhələsində hazırkı prezidentlə yeni prezident arasında hakimiyyətin təhvil-təslimi həyata keçiriləcək.

İlk inaqurasiya mərasiminin Tehranın şimalındakı Camaran rayonunda, Hüseyniyə adlı yerdə keçiriləcəyi gözlənilir və bu mərhələdə İranın ali dini lideri Ayətullah Əli Xameneyi, İslam Respublikasının bütün ali məmurlarının, o cümlədən hərbi elitanın iştirakı vacibdir.

İnaqurasiyanın ikinci mərhələsi isə İran parlamentində keçəcək və seçilmiş prezident millət vəkilləri qarşısında and içəcək. Qeyd edək ki, andiçmənin bu iki mərhələsi arasında Əhmədinejad müvəqqəti olaraq prezidentlik səlahiyyətlərini davam etdirəcək.

Qeyd edək ki, yeni seçilmiş prezidenti Həsən Ruhani İran lideri Ayətullah Xomeyininin Tehrandakı məzarını ziyarət edib. Məzarlıqda Ruhanini qarşılayan böyük izdiham ona dəstək şüarlar səsləndiriblər. Ruhani tərəfdarlarına müraciət edərək, İranın nikbin gələcəyi ilə bağlı baxışlarını bölüşüb: "Allahın köməkliyi ilə bu seçkilər xalqın tələb etdiyi dəyişikliklərin bir başlanğıc nöqtəsi olacaq. Dəyişikliklər dedikdə, əlbəttə ki, iqtisadiyyat, mədəniyyət, sosial və siyasi sahələrdə inqilabdan söhbət gedir".

Xatırladaq ki, iyunun 14-də İranda 11-ci prezident seçkiləri keçirilib, səslərin ümumi nəticəsinə görə, Həsən Ruhani 51 faizli nəticə ilə İranın növbəti prezidenti seçilib.//anspress//

AzNews.az