İlham Əliyevin Naxçıvan bəyanatı- ZƏNGƏZURA GENETİK və MİLLİ ÇAĞIRIŞ

11 May 2021 08:41 (UTC+04:00)

Bir anlıq təsəvvür edək.

Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu hücuma keçir, cəmi bir həftə, 10 gün ərzində Mehrini, Gorusu, Qafanı, Sisyanı, Göyçəni azad edərək Gərni-Masis zolağından İrəvana ultimatum göndərir.

Qondarma Ermənistanın təhlükəsizliyinə cavabdeh Rusiya bir bəhanə tapıb olub-bitənlərə göz yumur, Türkiyə paşaları Ağrıdağın zirvəsindən müzəffər ordumuza əl sallayır, Mehri artıq əlimizdə olduğuna görə, Ermənistanla sərhədi qalmayan İran yerində qıvrıla-qıvrıla qalır, Gürcüstan isə başını girləməyi üstün tutur.

Bu gün Azərbaycan Respublikasının bir dövlət olaraq Ermənistana ərazi iddiası yoxdur, amma Çar Rusiyası zamanında, SSRİ dönəmində, 1988-ci ildə zorən deportasiya edilmiş 100 minlərlə zəngəzurlunun, göyçəlinin, irəvanlının öz dədə-baba torpaqlarına qayıtmaq arzusu, əlbəttə, vardır. Bu torpaqlar bizimdir- İsus Xristosdan 20-ci əsrin əvvəllərinə qədər bu ərazidə nə “Ermənistan” adlı bir dövlət, nə də erməni mənşəli bir xanədan olub.

Qafqazda heç bir dövlətçilik ənənəsi olmayan, bir az da dərinə gedəndə, kilsə missionerliyi xaricində Qafqaza heç bir dəxli olmayan ermənilər apardıqları etnik təmizləmənin cavabını ədalət qarşısında verməlidirlər.

Amma nə edək, bu dünyada ədalətin tərəzisi əsgər əli dəymədən işə düşmür və elə buna görə də mən çox da uzaq olmayan gələcəkdə “Əziz Zəngəzur, sən azadsan” tvitinin atılacağına inananlardanam.

Hə, təsəvvür edək ki, cəmiyyətimiz böyük intizarla Azərbaycan Ali Baş Komandanının Twitter səhifəsindən yeni müjdələr gözlədiyi ərəfədə Kanada parlamenti qərar çıxarır, Kanada hökuməti Böyük Britaniya kraliçası II Yelizavetanın ordusu qarşısında tapşırıq qoyur ki, “gedin, Azərbaycan əsgərinin tualet kağızı əvəzinə istifadə etdiyi Ermənistan bayrağının şərəfini qoruyun”!

Bilirəm ki, bu məqamda bəziləriniz heyrət və təccüb içində qaldınız, “Kanada hökuməti Britaniya kraliçasının ordusuna niyə tapşırıq verir, axı...”- deyə sualla doldunuz.

Məsələ ondadır ki, Kanada Silahlı Qüvvələrinin Ali Baş Komandanı Britinaiya kraliçasıdır. Kraliça II Yelizaveta “Tanrının lütfi ilə” “etiqadın müdafiəçisi” və Kanada monarxıdır. Zati-alilərini sözügedən ölkədə general-qubernator təmsil edir. Bu general-qubernator hazırda Rişar Vaqnerdir. Daxili siyasətdə və beynəlxalq münasibətlərdə müstəqil şəkildə hərəkət etsə belə, bu "müstəqilliyi" ona bəxş edən “Vestminister Qanunu”nu öz parlamentində təsdiqləməyə belə Kanadanın ixtiyarı olmayıb.

Həqiqətən, özünü nə sayır Kanada?

Doğrudanmı, ordusunun Ali Baş Komandanı hələ də Britaniya kraliçası olan bu dominion özünü “supergüc” kimi aparmaq iddiasına düşüb?

Düşübsə, lap əcəb edib, öncə hələ öz suverenliklərini tam rəsmiləşdirsinlər, daha sonra Ermənistanın qayğısına qalar, “Dağlıq Qarabağın müstəqilliyi”ni tanıyar...

Bəli, əziz oxucular, dünyanın siyasi coğrafiyası və siyasi coğrafiyada dəngələr nisbəti heç də sadə deyil. Hazırda Azərbaycanın öz müstəqilliyini dərinləşdirmək və genişləndirmək üçün ehtiyacı olan tək şey dünyanı doğru oxumaqdır.

Əgər dünyanı doğru oxuyacaq, çevik qərarlar qəbul edəcək və prinsipial addımlar atacağıqsa, Azərbaycan ordusu Zəngəzura, Göyçəyə, İrəvana girməsə belə, ən uzağı 10 ilə dünyada “Ermənistan” adlı bir dövlət qalmayacaq.

Çox şanslıyıq ki, bu gün Azərbaycanda dünyanı doğru oxuyan, çevik qərarlar qəbul edən və prinsipal addımlar ata bilən bir lider, bir dövlət başçısı var- İlham Əliyev!

Prezident Əliyev dünən Naxçıvanda idi. Çox önəmli bəyanatlar verdi.

Əliyevin açıqlamalarına keçməzdən öncə- əslində, dövlət başçısının Kanada ilə bağlı dediklərinə, yuxarıda toxunduq- bir məsələyə diqqət çəkmək istəyirəm.

Heydər Əliyevin doğum günündə Naxçıvana səfəri zamanı prezident babası Əlirza kişinin məzarını ziyarət etdi.

Bilirsiniz ki, Əlirza kişi Zəngəzurun Comərdli kəndində dünyaya göz açıb, Əliyevlərin dədə yurdu hazırda işğal altındadır.

Cəmi bir neçə gün öncə- 30 aprel, saat 00:26-da “Facebook” profilimdə yazmışdım:

“Bir xalqın düşünən insanları- aydınları, uzmanları, siyasətçiləri keçilmiş yoldan asılıdır. Bir xalqın liderləri isə keçilməmiş yoldan. Gecənin bu aləmi qafama bir sual taxıldı: Bizim prezident İlham Əliyev heç Zəngəzurda, dədə yurdunda- Əlirza kişinin, onun əcdadı, adı kimi kimi comərd olan Comərd kişinin- Səfəvi sarayına gedib çıxır şəcərə- adını daşıyan kənddə olubmu?

Doğrusu, bu sualın cavabını bilmirəm. Artıq gecdir, sualı dəqiqləşdirə biləcəyim adamları narahat etmək istəmirəm. Amma bir şeyə adım kimi əminəm. İllər öncə İlham Əliyevin dədə yurdundan- məhz o evdən bir süjet yayımlanmışdı. Əminəm ki, o süjetə İlham Əliyev mütləq baxıb.

Mən İlham Əliyevi heç zaman yaxından görməmişəm, tədbirdə, müəyyən məsafədə görmüşəm, amma necə deyərlər əlini sıxmamışam. Amma hesab edirəm ki, bu ölkədə onu şüurlu şəkildə anlayan və ideyalarına səmimi şəkildə, təmənasız dəstək verən azsaylı adamlardan biriyəm.

Ona görə də heç də təəccüb eləmirəm ki, İlham Əliyev nədən işğaldan azad olunan bölgələrimizə səfəri zamanı bu qədər səmimi, sevincli, gümrah, bir qoca çinarı qucaqlayıb öpəcək qədər içdən olur.

Deyirəm, tarix üçün deyirəm: İlham Əliyev ata yurduna Azərbaycan bayrağını sancacaq!!!

Bu adam qeyri-adi tarix bilincə və genetik kodlara malikdir”!

Bəli, İlham Əliyev Azərbaycanın Ali Baş Komandanı olaraq Şuşanı azad edəndə “Ata vəsiyyətini yerinə yetirdim” demişdi.

İntuisiyam mənə deyir ki, dünən Naxçıvanda Əlirza kişinin məzarını ziyarət edən İlham Əliyev babasının ruhu ilə əcdadlarının saldığı Zəngəzurun Comərdli kəndi, o kənddəki dədə-baba yurdu ilə bağlı pıçıldaşdı daxilən!.

.

Azərbaycan və dünya o pıçıldaşmanı qətiyyətlə verilmiş bir bəyanat kimi eşitdi:

“Zəngəzur dəhlizi açılmalıdır və açılacaq”!

Azərbaycan prezidentinin Zəngəzurla bağlı israrı hən genetik, həm də milli bir çağırışdır. Sovet Azərbaycanındakı bolşeviklərin erməni kommunistlərinə "inqilab hədiyyəsi" olaraq verdiyi Zəngəzur geri alınmayınca, Qafqazda əsl sülhdən danışmaq mümkün olmayacaq.

Prezident Zəngəzur dəhlizinin açılması ilə bağlı danışanda çox incə bir mətləbdən söz etdi.

Bildirdi ki, Ermənistanın dəmir yolları yoxdur, çünki bu kommunikasiyalar vaxtilə Rusiyaya satılıb. Ona görə də, Azərbaycan dəmir yollarının açılması üçün Ermənistanla deyil, əsasən, yolların sahibi olan Moskva ilə danışıqlar aparır. Bu praktiki olaraq, Ermənistanın for-post olmasına vurulan açıq eyham və Qafqazda yeni kommunikasiya layihələrinin Ermənistanın iradəsindən kənar gerçəkləşəcəyinə, bu üzdən Paşinyanın hakimiyyətə qalıb-qalmamasının Azərbaycan üçün xüsusi önəm kəsb etmədiyinə işarə idi.

Dövlət başçısının Naxçıvandan Ermənistana verdiyi daha bir mesaj revanşist ünsürlərə “Dəmir yumruğ”un yerində olduğunu xatırladaraq “Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar” deməsi idi.

Co Bayden administrasiyasının son ismarıcları göstərir ki, ABŞ 44 günlük savaşdan sonra Azərbaycanın qələbəsini həm görür, həm həzm edir, həm də birbaşa təmas saxlamaq istədiyi rəsmi Bakıya konstruktiv yanaşır.

Bu mesajlar Bakı üçün hər baxımdan ümumən pozitiv səciyyə daşısa da, Azərbaycan həm Türkiyə ilə qardaşlıq münasibətlərinə sadiq qalması, həm də Rusiyanı incitmək istəmədiyi üçün ehtiyyatlı davranır. Bu davranış mahiyyət etibarı ilə doğrudur ona görə ki, Qaradəniz uğrunda Türkiyə ilə Rusiyanın yaxınlaşdıran səbəblər 44 günlük müharibədə Azərbaycanın lehinə işlədi. Bu savaşda ABŞ-ın gedişatı izləməkdən başqa çarəsi qalmadı, ən yaxın müttəfiqləri Britaniya və İsrail Azərbaycana dəstək oldu, “soyuq müharibə” illərindən sonra geopolitik münasibətlərdə "sancı verən kor bağırsaq" vəziyyətinə düşmüş Fransa belə Qarabağın Azərbaycan torpaqları olmasını Makronun dilindən etiraf etməli oldu.

Prezident Əliyevin Naxçıvandan verdiyi açıqlamaların ən önəmli qismlərindən biri isə məhz Fransaya verilən “çəkil, get” mesajı idi. Fransa çağdaş dünya düzənində özünə yer tapa bilmir, çünki iddiası ilə imkanları üst-üstə düşmür. Fransa bir tərəfdən soyuq savaşın inersiyası, NATO üzvü və klassik Qərb dövləti olması səbəbindən Rusiya ilə üz-üzədir, digər yandan ABŞ-ın dünya lideri olması faktını qəbul etmir. “5-ci Respublika” İngiltərə ilə tarixi rəqabətdə Almaniya ilə birgə hərəkət etmək istəsə də, Almaniya qarşısındakı komplekslərini də yenə bilmir. Beləliklə, Napoleon imperiyasının varisləri dünya gücləri qatarında plaskarta bilet alıb SV-də getməyən istəyən problemli və cığal sərnişin vəziyyətinə düşür. Son on illərdə Fransanın xarici siyasətində yeganə uğurlu həmləsi Ermənistanda öz adamlarını hakimiyyətə gətirmək olmuşdu ki, onun da nəticəsi artıq göz qabağındadır. Ermənistanın hazırkı prezidenti və baş naziri Qarabağdakı qəti məğlubiyyətdən sonra postlarını qoruya bilsələr belə, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi etibarı puç olub.

Fransa bu qurumda qaldıqca, Azərbaycan ATƏT-in Minsk Qrupunun fəallaşmasına imkan verməyəcək, əslində, Fransa olmadan da, bu “turist klubu”nun görə biləcəyi bir iş yoxdur.

Azərbaycan prezidenti Qarabağ münaqişəsinin bitməsinin altını Naxçıvanda dönə-dönə həm də bu həqiqəti izah etmək üçün çizdi. Prezident bildirdi ki, 10 noyabrda qəbul edilmiş Üçtərəfli Bəyanat, sadəcə, atəşkəs razılaşması deyil, atəşkəsin təmin edilməsindən daha çox öhdəliklər ehtiva edən Ermənistanın kapitulyasiya aktıdır. Bu aktla Ermənistan öz üzərinə öhdəliklər götürülüb. Ermənistan bu öhdəliklərə əməl etməsə, Azərbaycan İrəvanı necə cəzalandıracağını bilir.

Taleh ŞAHSUVARLI