"Bütün bunlar “Əziz Şuşa, biz səni dirçəldəcəyik” vədinin yerinə yetirilməsidir” - Tofiq Cahangirov

11 May 2021 12:23 (UTC+04:00)

Musiqi və mədəniyyət beşiyi olan, qədim tarixə malik Şuşa şəhəri yalnız siyasi və strateji deyil, xalqımız üçün həm də böyük mənəvi əhəmiyyətə malikdir.

Bunu saytımıza açıqlamasında Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam haqqında danışarkən, YAP İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov bildirib.

Onun sözlərinə görə, hazırda Şuşa Azərbaycanın Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi, strateji əhəmiyyətli şəhər olmaqla yanaşı, eyni zamanda mədəniyyət beşiyi, bir çox məşhur şair və yazıçı, musiqiçinin, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş görkəmli sənətkarların yurdudur:
“Bu baxımdan Prezident İlham Əliyevin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncamını olduqca yüksək dəyərləndirirəm. Vaxtilə ümummili lider Heydər Əliyev Şuşa şəhərinə çox böyük önəm verirdi. Ona görə də demişdi ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Prezident, Ali Baş Komandan İlham Əliyev də Vətən müharibəsi günlərində bəyan etdi ki, Şuşasız bizim işimiz yarımçıq olardı. Ata vəsiyyətini yerinə yetirən, işğal altında olan torpaqları işğaldan azad edən Prezident İlham Əliyev indi də vəd etdiyi kimi, Şuşanın dirçəldilməsi istiqamətində vacib addımlar atır. Prezidentin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncamı, eləcə də onun göstərişi ilə Şuşada ğörülən və hazırda da davam etdirilən abadlıq-quruculuq işləri məhz bu kontekstdə dəyərləndirilməlidir. Bütün bunlar “Əziz Şuşa, biz səni dirçəldəcəyik” vədinin yerinə yetirilməsidir”.

Tofiq Cahangirov bildirib ki, əsrlərdir Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşanın ölkəmizin mədəniyyət paytaxtı adını daşıması xüsusi əhəmiyyət daşıyır:

“Bu addım Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, Azərbaycanın çoxəsrlik, zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə atılıb. Şuşanın bərpası, dirçəldilməsi, tarixi simasının qaytarılması onun regionun mədəniyyət mərkəzi kimi yenidən dirçəldilməsi demək olacaq. Bu həm də milli qürurumuzun, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olması anlamına gələcək. Bu mənada Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi müdrik və vacib qərardır”.

AzNews.az