Azərbaycanda dəmir yolunun əsaslı təmirinə başlandı

17 İyun 2013 08:10 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı sürətlə icra olunur.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən verilən məlumata görə, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. Bu gün 17 iyun tarixində dəmir yolunun Hacıqabul-Muğan mənzilində 10 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisəsləri həyata keçirir. MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun verdiyi məlumatda bildirilir ki, "Azərbayjan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, bu günə kimi 241,5 km yol əsaslı təmir olunub.

Paralel olaraq əsaslı təmir olunmuş mənzillərdə uzunölçülü relslərlə əvəzlənmə prosesi gedir və indiyə kimi 175 km yolda əvəzlənmə işləri başa çatıb.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıjıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

AzNews.az