Nazirlik reyd keçirdi

17 İyun 2013 08:30 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı ərazi idarəsinin əməkdaşları Lənkəran rayonu ərazisində reyd keçiriblər.

İdarədən məlumata görə, keçirilən reyd zamanı rayonun Girdəni kəndi ərazisində "ZİL-130" markalı, 10 NV 268 dövlət nömrə nişanlı yük maşınında oduncaq aparıldığı müəyyənləşdirilib.

Araşdırma zamanı Lənkəranın İstisu qəsəbə sakini Sultan Abdullayev maşındakı oduncağın ona məxsus olduğunu desə də, yükə dair heç bir razılaşdırma sənədini təqdim edə bilməyib. Bundan əlavə S. Abdullayev qanunsuz əldə etdiyi oduncağın Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə təhvil verilməsi tələbinə də məhəl qoymayaraq, hələ üstəlik idarə əməkdaşlarından birinə qarşı fiziki zor tətbiq etməklə ona bədən xəsarəti yetirib.

Daxili İşlər Nazirliyinin 102 xidmətinə və təcili yardım stansiyasına məlumat verildikdən sonra xəsarət almış əməkdaş Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı akt tərtib olunub, ümumi dəyəri 1439,94 manat təşkil edən 7,43 m3 həcmində, 55 sm uzunluğundakı 95 ədəd palıd cinsli oduncaq Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə təhvil verilib.

Hazırda faktla əlaqədar Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.//apa//

AzNews.az