Türkiyənin nüfuzlu şəxsləri Bakıya toplaşır

17 İyun 2013 09:57 (UTC+04:00)
Yusuf Uncular: "Ermənilərin tarix boyu türk millətinin başına acdıqları böyük faciələr ifşa olunmalıdır"

Türkiyənin nüfuzlu insanları Bakıya gəlir. Türkiyə Aydınlar Birliyinin və Qarabağ Qeyri-Hökumət Təşkilatları Koalisiyasının birgə təşkilatçılığı ilə "Tarix boyunca Türklərə qarşı erməni xəyanəti" mövzusunda elmi praktiki konfrans keçiriləcək.

Tədbir iyunun 18-də saat 10.00-da Gəncliyə Yardım Fondunda təşkil ediləcək. Xüsusilə, tədbirdə iştirak etmək üçün Türkiyənin nüfuzlu elm, mədəniyyət, siyasi xadimləri, idmançıları Bakıya gələcək və bu mövzu ətrafında çıxışlar edəcəklər.

Tədbirin təşkilatçılarından olan, Azərbaycan idman ictimaiyyətinin yaxından tanıdığı Yusuf Uncular bildirib ki, konfransın məqsədi hər iki qardaş ölkənin idman, elm, mədəniyyət və s. müxtəlif sahələri təmsil edən şəxsiyyətlərin bu məsələdə ortaq fəaliyyətini ortaya qoymaqdır.

"Ermənilər tarix boyu türk millətinin başına böyük faciələr açıblar. Bu insanların dili ilə dünyaya mesaj verəcəyik.

Bu hadisəni türk dünyasına çıxartmaq üçün, hər iki qardaş ölkənin tanınmış şəxslərinin bir araya gətirilməsinə çalışırıq. İnanırıq ki, keçirəcəyimiz tədbir bu mənada böyük stimul rolunu olacaq. Xüsusilə, bu istiqamətdə fəaliyyətlərimizi gücləndirəcəyik", - deyə Yusuf Uncular qeyd edib.

Elnur Eltürk