Qaragöl məsələsi niyə böyüdü?

14 May 2021 14:56 (UTC+04:00)

Azərbaycanın Laçın rayonunun Ermənistanla sərhəd ərazilərində öz dövlət sərhədini bərpa etməsi gərginliyə səbəb olub.
Fransa prezidenti və Nikol Paşınyanın bu mövzuda təxribatçı bəyanatla çıxış etmələri haqqında bundan öncəki statusda yazmışam.
Yüksək dağlıq ərazilərdə qarın əriməsi və hava şəraitinin yumşalması ilə Azərbaycan sərhədçiləri məntiqi olaraq ölkəmizə aid olan Qaragöl dövlət qoruğu ətrafında mövqe tutublar.
Erməni tərəfi də bunu “Ermənistan ərazisinə müdaxilə” kimi qələmə verərək hay-küy qaldırıb, təxribatçı bəyanatlar səsləndirib.
Mayın 12-dən etibarən Dövlət Sərhəd Xidmətinin rəhbərliyi həmin əraziyə ezam olunub.
Ermənistanın Sünik vilayətinin sərhədyanı Xndzoresk kəndində aparılan danışıqlar ötən gün gecə saatlarında başa çatıb.
6 saatdan çox davam edən danışıqlarda erməni tərəfindən Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri, habelə yüksək rütbəli Rusiya hərbçiləri iştirak ediblər.
Danışıqların detalları haqqında az sonra yazacam.
Hazırda mübahisə və gərginlik predmetinə çevrilmiş, yüksək dağlıq ərazilərdə, İşıqlı dağında, dəniz səviyyəsindən 2658 metr yüksəklikdə yerləşən Qaragöl gölünü də əhatə edən ərazilər Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qərarı ilə yaradılan Qaragöl Dövlət Qoruğunun ərazisidir.
Göl Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbə hissəsi rayonunda Böyük işıqlı dağının şimal ətəyində, şimal-qərbdən Dəmirdaş və Kicik İşıqlıdağı ilə, şimaldan Canqutaran dağı, şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunub.
Bu göl sönmüş vulkan kraterini xatırladan relikt su mənbəyidir. Stratiqrafik cəhətdən Qaragöl rayonu yuxarı pliosen yaşlı süxurlar içərisindədir.
Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m, dərinliyi maksimum 7,8 m, hövzəsinin sahəsi 13 kv.km-dir.
Hesablamalara görə, göldə suyun həcmi 10 milyon kub metrdir. Gölün suyunun şəffaflığı 4,6 metrdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir.
Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirdi.
Ermənistan iddia edir ki, gölün 30 faizi bu ölkənin ərazisinə daxildir, Azərbaycan sərhədçiləri isə gölü tamamilə nəzarət altına alıblar.
Habelə İşıqlı zirvəsini nəzarətə götürüblər və oradan Ermənistan ərazisinin bir çox hissəsi, o cümlədən Sisyan aerodromu tam nəzarət altında qalır.
Makron getsin Fransanı idarə eləsin, bizim hesabımıza seçki öncəsi ucuz kampaniya aparmasın.
Fransanın hərbi elitası iki dəfə ultimatum göndərib Makrona ki, arada Fransanın da işlərinə vaxt ayır.

Yeganə Hacıyeva