Qaragöl sərhəd gölü deyil: Bəs, Dəmirdaş dağı necə "yoxa çıxıb"?

16 May 2021 18:02 (UTC+04:00)

May ayının 12-dən başlayaraq Ermənistan rəhbərliyi Azərbaycan barədə, yumşaq desək, yeni dezinformasiyalar yayır. İrəvan rəsmiləri bu üsulla yaratdıqları süni gərginliyi çözmək üçün müxtəlif dövlətlərdən və beynəlxalq təşkilatlardan dəstək istəyirlər. Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci ilin payızında baş verən 44 günlük müharibə zamanı regionda marağı olan və olmayan dövlətlərin başçılarına, nüfuzlu və nüfuzsuz beynəlxalq təşkilatlara minnətçi düşməsini, yalvarmasını, müəyyən mənada, başa düşmək olardı. O günlərdə Azərbaycan ordusu 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad etmək üçün uğurlu əməliyyatlar aparır, son dərəcə ağıllı hərbi strategiya və müasir silahlarla Nikol Paşinyanın rəhbərlik etdiyi dövlətin təcavüzkar zehniyyətə malik başına “Dəmir yumruq” endirirdi. Ancaq eskelasiya dövrü artıq arxada qalıb, Dağlıq Qarabağ münaqişəsi bitib və ötən ilin 10 noyabrında Nikol Paşinyan Üçtərəfli Bəyanata qoşulmaqla ölkəsi adından kapitulyasiyaya imza atıb. Həmin bəyanatın bir çox bəndləri yerinə yetirilib. Razılaşmanın şərtlərinin yerinə yetirilməsinə təminatçı olan Rusiyanın Xarici işlər naziri Sergey Lavrov may ayında regiona etdiyi səfərdən sonra “10 noyabr Üçtərəfli bəyanatının qalan şərtləri də yerinə yetirilməlidir” deyə Ermənistan üçün geriyə dönüş imkanı olmadığını diplomatik şəkildə olsa da, Yerevana yüksək səslə bildirib. Azərbaycanın işğaldan azad olunmuş mədəniyyət paytaxtında- Şuşa şəhərində keçirilən “Xarı bülbül” festivalında səslənən zövqlü və multikultiral musiqilər kimi, görünür, rusiyalı diplomatın bu ağıllı məsləhəti də Ermənistandakı siyasi böhranın subyektləri arasında psixoloji gərginliyi daha da artırıb. Nəticədə, Ermənistanın həm rəhbərliyi, həm müxalifəti, həm də vaxtilə Azərbaycan SSR ilə qonşu olmuş rayonlarının, kəndlərinin vəzifəli şəxsləri “dövlət sərhədlərinin pozulması” barədə məlumat yayıblar. Bu dezinformasiya dövriyyəyə yenicə buraxılmağa başlayanda sosial şəbəkələrin ermeni seqmetində aktivistlər Azərbaycan ordusunun atəş açaraq Ermənistan ərazisinə daxil olması, Zəngəzurda döyüşlər getməsi barədə də məlumat yayırdılar, lakin qısa zamanda, səhvlərini anlayaraq təkzib verdilər. Bununla belə, Baş nazir Nikol Paşinyan dərhal Ermənistan Təhlükəsizlik Şurasını iclasını çağırdı, Kollektiv Təhlükəsizlik Müqaviləsinə əsasən, xaricdən hərbi yardım istədi, Fransa prezidenti Emmanuel Makronla telefonla danışdı və belə bir rəy yaratmağa cəhd göstərdi ki, Azərbaycan ordusu guya Ermənistanı siyasi xəritədən silmək üçün hərəkətə keçib.

BƏS, ƏSLİNDƏ NƏ BAŞ VERİB?

Azərbaycan Xarici İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti artıq öz rəsmi bəyanatlarını səsləndirib və xüsusi olaraq vurğulayıblar ki, Ermənistanın iddiaları həqiqətdən son dərəcə uzaqdır. Bəlli olduğu kimi, 10 noyabr Üçtərəfli Bəyanatının imzalanmasından sonra Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin demilitasiya və demarkasiya prosesi gedir. Azərbaycanın Laçın rayonunda payız və qış fəsillərində bu prosesi aparmaq mümkün deyildi. Çünki dəniz səviyyəsindən olduqca yüksək ərazilərin sərt iqlimi və çətin relyefi buna mane olurdu. Hazırda isə havalar istiləşib, qarlar, buzlar əriyib, demarkasiyanın aparılması üçün imkanlar yaranıb. Azərbaycan sərhədçiləri, quru qoşunları, aviasiya bölməri yox, məhz Azərbaycan sərhədçiləri atəş açmadan, qarşı tərəfdən nə bir hərbçinin, nə də mülki vətəndaşın burnunu qanatmadan “Dəmirdaş” adlanan dağlıq ərazidə yerləşən Qaragöl ətrafında dövlət sərhədlərini dəqiqləşdirməyə çalışıblar. Əgər bu çalışmalara Ermənistanın bir etirazı varsa, bunu nədən daha konstruktiv formada, gerçəkliyi təhrif etmədən, Azərbaycana “təcavüzkar” damğası vurmadan, kimsədən hərbi dəstək istəmədən, müstəqil bir dövlətə yaraşan şəkildə nəzərə çatdırmır, hökumətlərarası İşçi Qrupun müzakirəsinə çıxarmır? Deməli, Azərbaycan XİN-nin bəyanatına uyğun desək, İrəvandakı siyasi-hərbi dairələrini təşvişə salan, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarımız boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyinə mane olan və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməyə təhrik edən heç də yalandan iddia etdikləri kimi, Azərbaycan hərbiçilərinin Ermənistanın içinə bir neçə kilometr girərək postlar qurması deyil. Başqa səbəblər var.

Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bu səbəblərdən yalnız birinə toxunur və məsələni Ermənistandakı seçkiqabağı mübarizədə hakimiyyətdə olan qüvvənin süni ajiotaj yaratmağa ehtiyac duyması ilə əlaqələndirir. Elə Ermənistanın özündə də Nikol Paşinyanı süni gərginlik yaratmaqla seçkiləri təxirə salmağa hazırlaşdığını iddia edənlər var. Lakin bu da var ki, Azərbaycanla yeni hərbi qarşıdurmaya getmək və “Sünik könülləri” formalaşdıraraq bölgədə nəticəsi bəribaşdan məlum olan yeni müharibəyə səbəb olmaq Nikol Paşinyanın da, Ermənistanın da siyasi intiharı demək olar. Bəli, Nikola seçkiqabağı şoular lazımdır, amma o, bütün hallarda hərbi çevriliş ehtimalı ilə üz-üzədir. Elə bu səbəbdən də Nikol Paşinyan Azərbaycan və Etmənistan arasındakı sərhədlərin demarkasiyasını dayandırmaq, dayandırmaq mümkün olmadığı təqdirdə isə, prosesi maksimum ləngitmək, bununla qondarma “Dağlıq Qarabağ Respublikası” ətrafında çəmbərin daralmasına mane olmaq istəyir.

Heç kimə sirr deyil ki, iki dövlət arasında sərhədlərin dəqiqiləşdirilməsi prosesi gedirsə, bu zaman hər iki tərəf müəyyən bir xəritə əsasında hərəkət edir. Bakıdan verilən rəsmi açıqlamalardan məlum olur ki, belə bir xəritə həm Azərbaycanda, həm də Ermənistanda var. Ermənistanın vitse premyeri Tiqran Avinyanın bu ilin əvvəllərində açıqladığına görə, demilitasiya və demarkasiya üçün tərəflər 1975-76-cı illərə aid sovet hərbi xəritələrindən istifadə edirlər. Lakin o, sovet hərbi topoqraflarının hazırladığı bu xəritəyə istinad edilməsinin “müvəqqəti xarakter” daşıdığını da söyləmişdi. Ümumiyyətlə, demarkasiya prosesində istifadə edilməsi mümkün olan xəritələrlə bağlı müzakirələr göstərir ki, Ermənistan siyasi dairələrində çox dərin komplekslər mövcuddur və komplekslər ciddi təşvişlə müşayiət olunur.

TƏŞVİŞİN SƏBƏBLƏRİ İSƏ ÇOXDUR

Əvvəla, bu gün heç bir ciddi tarixçiyə sirr deyil ki, Ermənistan tarixi Azərbaycan torpaqlarında- İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarının ərazilərində yaradılmış və daha öncələr Cənubi Qafqazda mövcud olmuş dövlətlərlə milli bağları olmayan süni bufer zonasıdır. Paytaxtı İrəvan şəhəri yarandığı ilk günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri tərəfindən Ermənistanla şərtlə və güzəştlə verilib, ərazisinin böyük bir hissəsini əhatə edən Zəngəzuru zəbt etmələrinə isə Sovet Azərbaycanın ilk rəhbərləri bolşevik təəssübkeşliyi ilə “yaşıl işıq” yandırıblar. Azərbaycan Zəngəzura və İravana rəsmi şəkildə ərazi iddiası irəli sürməsə də, - baxmayaraq ki, bu barədə Azərbaycanda açıq və əsaslı çağırışlar var- Ermənistan özgənin torpaqlarını mənimsəməsinin fərqindədir və bu səbəbdən daima təlaş keçirir.

İkincisi, SSRİ-nin dağılmasından sonra Ermənistan öz sərhədlərini Azərbaycanla dəqiqləşdirməyib, əvəzində Dağlıq Qarabağı və bir neçə ətraf rayonu zəbt etməklə öz sərhədlərini faktiki olaraq genişləndirmək istəyib. Azərbaycan torpaqlarını işğal altında saxlamasından istifadə edərək sovetlər zamanı pis-yaxşı mövcud olmuş sərhədi bir çox ərazilərdə öz xeyrinə dəyişib. İndi Azərbaycan sərhədçiləri sovet dövründə hazırlanmış hansı xəritəyə istinad etsələr, Ermənistanın bu saxtakarlığı üzə çıxacaq və həmin əraziləri Azərbaycana təhvil verməyə məcbur olacaqlar.

Üçüncüsü, əgər Ermənistan və Azərbaycan qarşılıqlı olaraq sərhəd dəqiqləşdirməyiblərsə, o zaman Ermənistan nəyə əsasən iddia edir ki, Azərbaycan onun ərazisinə müdaxilə edir? 2010-cu ildə Ermənistanda qəbul edilmiş “İnzibati bölgü haqqında qanun” Azərbaycan, eləcə də beynəlxalq aləm üçün kağız parçasından başqa bir şey deyil . İrəvan məhz həmin qanuna əsaslanaraq özü-özünə sərhəd müəyyən edə bilməz. Bu prosesdə iştirak edən tərəf kimi, Azərbaycan ortaya konkret xəritələr, arqumentlər və tələblər qoyur. Nəticədə Ermənistan 1988-ci ilə qədər Azərbaycandan müxtəlif yollarla qopardığı əraziləri də geri qaytarmaq faktı qarşısında qalır.

QARAGÖL AZƏRBAYCANDIR!

Bu cür ərazilərdən biri məhz Azərbaycanın Laçın rayonuna məxsus olan Qaragöldür. Hazırda ermənilər onu “sərhəd gölü” kimi təqdim etməyə, əsas hissəsinin onlara, 30 faizinin isə Azərbaycana məxsus olmasını göstərməyə çalışırlar. Lakin Qaragöl bir sərhəd gölü deyil və Ermənistanla Azərbaycan arasında “su sərhədi” təyinatı daşıya bilməz. İstər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də Azərbaycan sovetləşdikdən sonra Qaragöl tam şəkildə, ətrafındakı torpaqlar daxil Azərbaycana məxsus olub. Azərbaycanda sovet hakimiyyətinin ilk çağlarında yaradılan “Qırmızı Kürdüstan” adlanan inzibati bölgüdə də bu reallıq dəyişməyib. Kolxoz və sovxozlaşma dövründə ərazi 1928-ci ildə Qarıqışlaq icmasına məxsus 3 nömrəli otlaq yeri kimi göstərilib, 1951-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin 557 saylı qərarı ilə bütövlükdə Laçın camaatının istifadəsinə verilib.

Qaragöl tarixən Laçın rayonunun Qarıqışlaq və ona qonşu kəndlərdə yaşayan Gəloxçu tayfasının yaylaq yeri olub. Gəloxçu tayfasının qəbiristanlıqlarından bir neçəsi məhz Qarağöl ətrafındadır. Orada Qaraməmmədli, Qanlıca, Çeyil düzü adlanan yerlərdə müsəlman məzarlıqları var. Gəloxçular Zəngəzura XIII əsrin başlarında moğolların yürüşü zamanı gəlsələr də, o tarixə qədər də Qaragöl müsəlman türklərin məskəni olub. Bunu həmin ərazidəki “Məhəmməd övladları” adlanan və hazırda ermənilər tərəfindən dağıdılmış IX əsrə aid türbə, qədim məscid və müsəlman məzarlarının qalıqları da təsdiq edir. Gəloxçu camaatı şaman ənənələrini indi də müəyyən qədər yaşadan bir el olaraq Qaragölü müqəddəsləşdirib və əfsanələşdiriblər. El yaddaşında bu göllə bağlı yüzlərlə bayatı, əfsanə, rəvayət mövcuddur. El köçəndə Qaragöl ətrafındakı "Çıraq daşı"da xüsusi ritual gerçəkləşdirib.

Qaragölə ermənilər bütün 20-ci əsr boyu iddia etsələr də, 1960-cı illərdən etibarən ayaq açmağa başlayıblar. Əvvəlcə Ermənistanın Gorus rayonunun heyvandarlıq təsərrüfatlarını həmin istiqamətə yönəldiblər, daha sonra mal-qaranı bəsləmək üçün Qaragöldən su istəyiblər, gölə nasoslar quraşdırıblar. SSRİ və Azərbaycan SSR rəhbərliyindəki ermənilərin- məsələn, İşxanyan, Qriqoryan, Qadakçıyan- dəstəyi ilə həm göldə balıqçılıq təsərrüfatı qurmağa (saxlanan balıqları Ermənistan SSR-in Gorus rayonunun partiya katibi satdırırmış), həm də əraziləri ələ keçirmək üçün çeşidli saxtakarlıqlar həyata keçirməyə nail olublar. Belə ki, Qaragöl Azərbaycan Sovet Ensiklopodiyasında tam olaraq Azərbaycan SSR-nin ərazi kimi qeyd olunur və bütün elmi araşdırmalarda Dəmirdaş dağının şimal-qərb ətəklərində yerləşdiyi göstərilir. Lakin əraziyə iddia etmək üçün ermənilər Dəmirdaş dağını xəritələrdən silməyə, onu “Kiçik İşıqlı” ilə eyniləşdirməyə müvəffəq olublar. Çünki SSRİ dövründəki bütün sənədlərdə Dəmirdaş dağının Azərbaycanla Ermənistanın sərhədindən xeyli bəridə yerləşdiyi qeyd olunub. Odur ki, məhz dəniz səviyyəsindən az qala 3 min metr yüksəklikdə yerləşən bir dağı “əritdikdən” sonra ermənilər Qaragölü hüquqi müstəvidə mübahisələndirməyə çalışb, bir hissəni Azərbaycan və Ermənistan SSR Ali Soveti Rəyasət Heyətlərinin 7 may 1969-cu il qərarı ilə- tarixə diqqət edin, Heydər Əliyev Azərbaycan KP-nin birinci katibi seçilməzdən iki ay öncə- ələ keçiriblər. Lakin həm Heydər Əliyevin hakimiyyətə gəlişi, həm də Gəloxçu camaatının müqaviməti ermənilərin Qaragölə tam sahib çıxmasına imkan verməyib. Yerli ziyalılardan Çingiz Mehrəliyev və İbiş Əsgərovun fəallığı və təşkilatçılığı ilə Qaragölü ermənilərə təslim etmək etmək üçün Laçına gələn vəzifəli şəxslər belə döyülərək yola salınıb, ermənilər isə, qəlbi dağların döşündə dəfələrlə çomağın qabağına qatılıb.

Çingiz Mehrəliyevin 26 yanvar 1989-cu ildə “İzvestiya” qəzetində dərc olunmuş “Dağlar gözəlinin taleyi” adlı məqaləsindən sonra isə SSRİ rəhbərliyi Laçın camaatını sakitləşdirmək üçün Qaragöldə respublikalararası qoruq yaratmağı tövsiyyə edib. Həmin tövsiyyə Azərbaycan və Ermənistan SSR tərəfindən ertəsi il rəsmiləşdirilib. V.E.Sokolovanın redaksiyası ilə 1990-cı ildə Moskvada çap olunan “SSRİ qoruqları” silsiləsinin Qafqaz buraxılışında da qoruğun statusu “respublikalararası” şəklində göstərilib. Demarkasiya zamanı aydınlaşmalı olan əsas məsələ iki fərqli dağ olan “Kiçik İşıqlı” ilə Dəmirdaşın yerlərinin dəqiq müəyyən edilməsidir. Bu zaman məlum olacaq ki, Azərbaycan sərhədçilərinin dayanmalı olduğu nöqtə nə Qaragölün sahillərində, nə də Nikol Paşinyanın törətdiyi informasiya təxribatında səsləndirdiyi məsafədə deyil, Ermənistanın saxta xəritəsinin daha iç qismindədir. Bu qismlərdə isə sərhəd xəttini müəyyən etmək üçün 1930-cu illərdə kömür basdırılıb.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru