Qəbələdə yeni yol tikintisi ilə bağlı sərəncam

17 May 2021 12:09 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

İqtisadiyyat Nazirliyi avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.