Bu gün Budapeştdən Bakıya ilk aviareys reallaşacaq

17 İyun 2013 13:57 (UTC+04:00)
Bakı-Budapeşt aviareysinin açılması tarixi bir addımdır.

Bunu Bakı-Budapeşt reysinin açılması ilə bağlı keçirilən mətbuat konfransında Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora deyib.

Səfir qeyd edib: "Bu gün mənim arzum həyata keçir, belə ki, axşam Budapeştdən Bakıya birbaşa aviareys reallaşacaq".

Onun sözlərinə görə, iki il yarım əvvəl ikitərəfli əlaqələr yeni səviyyəyə yüksəlib. Bu reysin açılması tarixi bir addımdır: "Bakıya iki dəfə Macarıstanın Baş naziri və Prezidenti səfər edib. Bu il isə Azərbaycan Prezidentinin Macarıstana səfəri gözlənilir. Bizim əlaqələrimiz çox yüksək səviyyədədir".

"Wizz Air" aviaşirkətinin icraçı direktoru Yojef Varadi əvvəlcə şirkətin fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, Bakı hazırda şirkətin ən uzaq Şərq uçuş nöqtəsidir. Onun sözlərinə görə, yeni aviareys iki ölkənin əlaqələrinin inkişafına öz töhfəsini verəcək: "Azərbaycan-Macarıstan əlaqələri son iki ildə dinamik inkişaf edib və biz bu əlaqələrin inkişafına öz töhfəmizi verməkdən məmnunuq. Bizim təyyarələrimiz dünyanın 33 ölkəsinə uçuşları yerinə yetirir. Macarıstana gələn azərbaycanlılar təkcə Budapeşti deyil, digər Avropa ölkələrini də kəşf edə bilərlər".

Y.Varadi əlavə edib ki, bu il şirkət Bakı-Budapeşt aviareysi ilə 30 min sərnişin daşımağı planlaşdırır.

Qeyd edək ki, Budapeşt-Bakı reysi həftənin bazar ertəsi və cümə günü, Bakı-Budapeşt reysi isə çərşənbə axşamı və şənbə günü həyata keçiriləcək. Uçuşlar yeni "Airbus A320" təyyarələri ilə yerinə yetiriləcək. Bir istiqamətə biletin qiyməti 39 avro təşkil edir.//apa//

AzNews.az