Rusiya Dumasından azərbaycanlı miqrantları şoka salacaq qanun
17 İyun 2013 16:44 (UTC+04:00)
Rusiya Dövlət Dumasında miqrantlar haqda qanuna sərt dəyişikliklər olacağı gözlənilir. Qanun qəbul olunacağı təqdirdə, Rusiya sərhədini keçən hər bir miqrant 30 min rubl (təxminən 1000 dollar) dəyərində veksel almalıdır. Rusiya KİV-nin məlumatına görə, bu vekselsiz miqrantlara Rusiyada işləmə izni verən sənəd verilməyəcək.
Qanun layihəsini hazırayan "Vahid Rusiya" və RLDP partiyalarından olan deputatlar Aleksey Juravlyov və Serqey Jiqarevin fikrincə məhz bu yolla miqrantların axınının qarşısını qismən də olsa almaq mümkün olacaq.
Duma deputatlarının fikrincə qanunun qəbul olunacağı təqdirdə Rusiya Federal büdcəsinə 225 milyard rubl vəsait daxil olacaq. Jiqarevin dediyinə görə, Rusiyada 7 milyon yarım miqrant var. Onların hər biri 30 min rublluq veksel alacağı təqdirdə federal büdcəyə külli-miqdarda vəsait daxil olmalıdır.
Bir məqamı da qeyd edək ki, Rusiyada təxminən 2 milyon azərbaycanlı miqrantın yaşadığını nəzərə alsaq, təkcə həmyerlilərimizin alacağı veksellerdən federal büdcəyə 2 milyard dollar vəsait daxil olacaq. (musavat.com)
AzNews.az