Təhsil Nazirliyindən loqo açıqlaması

18 İyun 2013 07:48 (UTC+04:00)
Təhsil Nazirliyi bir müddət əvvəl loqosunun dəyişdirilmsi ilə bağlı mətbuatda yer alan xəbərlərə aydınlıq gətirib.

Nazirlikdən verilən məlumata görə, cəmiyyətimizin bütün sahələrində, o cümlədən təhsil sistemində müşahidə etdiyimiz dəyişikliklər hər bir dövlət orqanının fəaliyyət prinsiplərinə yenidən baxılmasını şərtləndirir. Məhz bu baxımdan Təhsil Nazirliyinin loqosunun dəyişdirilməsi hazırda Nazirlikdə aparılan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan dəyişikliklərin tərkib hissəsidir:

" Düşünürük ki, Təhsil Nazirliyinin, ilk növbədə, ictimai şüurda formalaşmış obrazında, belə demək mümkündürsə, simasında müəyyən islahatların aparılması labüddür. Bir sözlə, Nazirlik yeni və daim yenilənməkdə olan strategiyasının, amallarının Azərbaycan xalqına, cəmiyyətin bütün təbəqələrinə düzgün şəkildə çatdırılması üçün mümkün olanı edəcək. Təhsil Nazirliyinin loqosunun yenilənməsi məhz bu məfkurənin, bu yanaşmanın ilk təzahürü kimi dəyərləndirilməlidir.

Nazirlikdən o da vurğulanıb ki, loqo hər hansı bir qurumu təmsil etmək məqsədi ilə istifadə edilən simvol və ya qrafiki işarədir. Loqonun dəyişilməsi və ya yenisi ilə əvəz olunması hər bir qurumun öz səlahiyyəti daxilində olan məsələdir. Təhsil Nazirliyi də öz loqosunu yarada, dəyişdirə və yenisi ilə əvəz edə bilər.

Elnarə Əlosmanqızı
AzNews.az