AMİP-də Milli Şura mübahisəsi – Daxili böhran

18 İyun 2013 08:46 (UTC+04:00)
Partiya funksionerləri Etibar Məmmədova qarşı


Azərbaycan Milli İstiqlal Partiyasında Demokratik Qüvvələrim Milli Şurasında iştirakla bağlı dərin fikir ayrılığı yaranıb.

Bu barədə məlumat AzNews.az-a adı çəkilən partiyadakı mənbələrdən daxil olub.

Məlumatda bildirilir ki, hazırda partiyanın lideri Etibar Məmmədovla sədr Yusif Bağırzadə və bir neçə funksioner arasında ciddi mübahisələr baş qaldırıb. Belə ki, partiya lideri birmənalı qaydada Milli Şurada iştirak etməyin tərəfdarı olmasa da, sədr və funksionerlər özlərini siyasi proseslərdən kənarda saxlamağın əleyhinə çıxaraq, MŞ-ə daxil olub, qurumda öz mövcudluqlarını təmin etməkdə israr edirlər.

Partiya daxili qaynağın sözlərinə görə, Milli Şuranın təsis prosesində gedən danışıqlarda yaxından iştirak edən AMİP rəhbərliyi E.Məmmədovun tələbi ilə quruma qoşulmaqdan imtina etsə də, sonradan partiya daxilində bu məsələ ilə bağlı ciddi fikir ayrılıqları yaranıb. Bildirilir ki, onsuzda uzun illərdir aktiv siyasi fəaliyyətdən uzaqlaşan E.Məmmədov AMİP-in MŞ-ə qoşulmasına əngəl olaraq, partiyanı da açıq formada müxalifətin əsas episentrindən kənarda saxlayıb. Bu isə partiyadakı bir sıra şəxslərin narazılığına səbəb olub. Onlar AMİP liderinə bu barədə öz etirazlarını bildiriblər. Qeyd edək ki, E.Məmmədov mətbuata açıqlamasında Milli Şuraya qatılmaqla bağlı təşəbbüsçülərdən dəvət aldığını, lakin bu qurumda iştirakdan imtina etdiyini bildirmişdi. Partiya lideri imtinasının səbəbləri barədə isə heç nə deməmişdi.

Mənbə deyir ki, hazırda AMİP-in funksionerləri MŞ-ə qatılmaq üçün müəyyən vasitələr axtarırlar. Onlar ilk başda MŞ-ə qoşulmaqdan imtina etdikləri üçün indi yenidən qurumun fəaliyyətinə qoşulmaq barədə təklifi birbaşa özləri dilə gətirməkdən çəkinirlər. Bunun bir növ təslimçilik olacağını düşünən partiya rəsmiləri AMİP-in MŞ-də iştirakı ilə bağlı təklifin yenidən Şura rəhbərliyi tərəfindən gəlməsini gözləyirlər.

Qeyd edək ki, AMİP sədrinin müavini Elşən Mustafayevin mətbuata verdiyi son açıqlamaya da diqqət yetirsək, hazırda partiyada MŞ-lə bağlı yaranmış situasiyanı görmək elə də çətin deyil. E.Mustafayev bildirmişdi ki, AMİP-in Milli Şura təklifinə yenidən baxması mümkündür: "Milli Şura ilə bağlı biz əvvəl də qeyd etmişik ki, bu, müxalifətin ən yaxşı birlik formasıdır. Sadəcə olaraq, bizim Milli Şurada təmsil olunmağımız bir sıra səbəblərdən asılıdır. Konkret olaraq, bizi düşündürən bəzi suallar var idi ki, bunlara cavab ala bilmədiyimiz üçün Milli Şuraya qatılmadıq. Amma bütün bu suallar aradan qaldırılarsa, biz yenidən Milli Şura məsələsinə baxa bilərik".

Sədr müavini onu da etiraf edib ki, AMİP-də Milli Şuranı dəstəkləyənlər də var, buna qarşı çıxanlar da.

Əslində, bu açıqlamaya diqqət edəndə aydın olur ki, AMİP MŞ-ə qoşulmaq üçün sadəcə bir dəvət gözləyir. O dəvətin gəlib-gəlməyəcəyini isə MŞ-in təsisçiləri bilir.

Onu da bildirək ki, AMİP 2010-cu il parlament seçkilərindən sonra yaranan İctimai Palataya da qoşulmaqdan ilk başda imtina etsə də, sonradan prosesə qoşulmuş, lakin bir neçə ay sonra qurumdakı fəaliyyətindən imtina edərək, İP-i tərk etmişdi.

Anar Gəraylı
AzNews.az