Kişisi şir, qadını cüyür olan xalq

18 İyun 2013 10:08 (UTC+04:00)

Paytaxtın yay qaranquşları - ağcaqanadlar isti ölkələrdən uçub yurdumuza pənah gətirən kimi yaxamız "Əlifba" kitabını belə axıra qədər oxumayan müğənnilərin, aparıcıların əlində, kabab tüstülərinin içində qalır; boğula-boğula, tıxa-tıxa, söyə-söyə…Hər axşamüstü şəhərin göylərini qara bulud kimi bürüyən, fəxrlə milli hava tsiklonumuz adlandıra biləcəyimiz kabab tüstüsü, bu tüstünün içində nağara gumbultusuna atılıb-düşən milliliyimizin rəmzi, tarixi simvoludur.

Kabab dünya mətbəxində baş verən heç bir dəyişikliyi, eksperimenti, yeniliyi başbakan Ərdoğan kimi vecinə almayaraq, min illərdir ki, əlində şiş, böyründə qızarmış manqal mətbəximizin qədimliyinin keşiyini çəkir. Pizza, hamburger, xaçapuri kimi soyu-kökü bilinməyən yadelli yavanlığın qənşərində dayanıb qəzəblə cızhacız tüstüləyir. Yəni Pizza yaxın gəlmə, cızza olarsan.

O, sivilizasiyaya və feminizasiyaya meylli olan küftəninin, dolmanın namusu, isməti uğrunda, sözün həqiqi mənasında, özünü oda, közə atır. Elə bəlkə, kababın zəhminin nəticəsidir ki, küftəmizin, dolmamızın, səbzi-plovumuzun sorağı Dubaydan, İstanbuldan gəlmir, yəni yeməklərimiz milli mətbəximizə yeməkbişirənlərimizdən daha sədaqətlidir. Kababımızın zəhmi kişilərimizin zəhmindən daha effektlidir.

Bir dəfə dostum Ağalar Məmmədovla kafedə oturub bozbaş yeyirdik, bozbaşın qiyməti ucuz, əti çiy, suyu bol olduğundan əsəbi filosof qəfildən cinləndi əlindəki sümüyü qaldırıb bağırdı: "Zərbəli, ay Zərbəli, sən heç bilirsən ki ya bozbaş müsəlmanlığı qəbul etmiş adi ət şorbasıdır".

Filosofun sözünə qüvvət olaraq, əlavə etdim ki, tamamilə doğrudur; bozbaş mətbəximizin namazqılan ağsaqqalı, plov isə başı qaraçadralı ağbirçəyidir.

Ümumiyyətlə, bizdə gözəlliyin də, igidliyin də ölçü vahidi ətdir. İnancımız belə ətə bağlıdır, hər il Tanrı yolunda qoyun kəsirik, hətta ən ağır seyidimizi ləqəbi də Ətağadır.

Məsələn, şifahi, daha sonra isə yazılı ədəbiyyatımızda, az qala, bütün xalq mahnılarımızda kişini ətyeyənlərə - şirə, pələngə, onun qıyqacı baxışlı xanımını isə otyeyənlərə - ceyrana, cüyürə bənzətmək xalqımızın poetik şüuraltısındakı ətpərəstliyin kəllə-çarxa çıxmasıdır. Şir ceyranla yalnız onu tutub parçalayanda münasibətə girir. Eynən kişi-qadın münasibətlərimiz də belədir; bir qadınla yaşamaqdan, lap elə yatmaqdan ötrü, azı, iki il ömür xərcləməlisən, yəni qovalamalısan. Bu işə yardım ekipi olaraq, bütün qohum-əqrəba da dəstək verməlidir. Tayfalıqla yığışıb dəvədəlləyinə oxşayan bu qıza oğlunuzun sevgisini and-amanla, "sən öl", "mən ölümlə sübut etməsəniz, onların məhəbbətinin çürük qoz qədər də mənası olmayacaq.

Əgər estetika qanunlarını bir qırağa qoysaq - hərçənd kişini vəhşi şir-pələngə bənzətmək nə qədər estetikdir, deyə bilmərəm - xalqımızın yaratdığı milli ədəbiyyatda kişi qadına qovaladığı şikarı kimi baxır. Sanki, biz bir-birimizi sevmək üçün yox, bir-birimizin ətini yemək üçün qovalayırıq hisslər savannasında. Bu yanaşma yırtıcı əcdadımızın genləriylə bizə ötürdüyü şüuraltı mirasıdır.

Qayıdaq manqal başına. Özü XXI əsrdə yaşasa da, dünyagörüşü IX əsrdən bəri keçməyən, heç keçmək fikrində də olmayan babamın kabab haqqında dediyi bir fikri yazıb, keçirəm sözümün canına. Ətyeyən babam həmişə kababxanalarda, restoranlarda verilən kababdan şikayətlənir ki, indiki kişilər kabab bişirə bilmir, "Kababı uzaqdan bir balaca ocağa göstərdin, bəsdir".

Hər bir xalqın xarakterini, ictimai-mədəni davranışlarını həm də onun mətbəxindəki qida növü müəyyənləşdirir. Məsələn, ruslar daha çox donuz əti yediklərindən, donuz kimi çox balalamasalar da – hərçənd Lev Tolstoyun on üç övladı vardı – donuz kimi pinti olurlar, məsələn, Çexovun mujikləri kimi (qan qarışığı olan aristokrat ailələri çıxmaq şərtilə). Almanlar qaxac ətə və tünd içkilərə meyilli olduğu üçün soyuqqanlı və kobuddurlar. Nitsşenin dediyi kimi. Yaponlar düyü və balığı sevdikləri üçün xırda və səssiz olurlar. Kavabatanın təbiətə qapılıb özünü unudan qəhrəmanları kimi

Biz isə qoyun ətinin vurğunuyuq. Məmmədquluzadənin "tupoy" Novruzəlisi kimi. (publika.az)