"İnsanları Şuşaya seçmə üsulu ilə buraxmaq nə dərəcədə doğrudur?"

27 May 2021 15:34 (UTC+04:00)

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi iki oxunuşda müzakirə edildi, amma mənim komitə iclasında qaldırdığım məsələlərə aydınlıq gətirilmədi”.

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili “bizə təqdim olunmuş qanun layihəsində qeyd olunur ki, Şuşa şəhəri dövlət qoruğu elan olunur və onun idarə olunması Prezidentin təyin etdiyi xüsusi nümayəndəliyin nəzdində yaradılmış publik hüquqi şəxsə tapşırılır”, - deyə əlavə edib: “Şəhər publik hüquqi şəxs tərəfindən idarə olunacaq. Konstitusiyada dövlət idarəetməsinin hansı formada həyata keçirildiyi qeyd olunur. Konstitusiyanın 124-cü maddədə qeyd olunur ki, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyətinin başçıları həyata keçirir. 142-ci maddədə isə qeyd olunur ki, yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Mən öncə də soruşdum ki, əgər şəhər qoruq elan olunursa, idarəetmə publik hüquqi şəxsə tapşırılırsa, o zaman icra hakimiyyəti qalacaqmı, bələdiyyə olacaqmı? Yəni bu suallara hələ də birmənalı, açıq-aydın cavab verilməyib. Milli Məclisin səlahiyyətləti ilə bağlı Konstitusiyanın 109-cu maddəsində qeyd olunur ki, biz hansı hallarda qaydalar müəyyənləşdiririk. Milli Məclisin idarəetmənin formasını dəyişmək səlahiyyəti yoxdur. Ona görə ki, o, birbaşa konstitusiya ilə müəyyən olunub. Ona görə də, hesab edirəm ki, bu məsələyə aydınlıq gətirilməlidir”.

Millət vəkili “qaldırdığım ikinci mühüm məsələ odur ki, şəhərə giriş-çıxış tənzimlənəcək”, - deyə bildirib: “Mən, məsələ qaldırmışdım ki, bu özünü nədə ehtiva edir? Yəni ora şlaqbaum qoyulacaq, ora girib-çıxan maşınlar yoxlanılacaq? Şuşa şəhərində fəaliyyət bərpa olunandan, insanlar ora qayıdandan sonra, bütün Azərbaycan xalqı, hamımız istəyəcəyik ki, Şuşanı heç olmasa bir dəfə görək. Əgər maşınların, insanların ora giriş-çıxışı tənzimlənsə, orada böyük tıxac yaranacaq. Yəni seçmə üsulu ilə insanları ora buraxmaq nə dərəcədə doğrudur? Hər bir azərbaycanlı istəyəcək ki, gedib Şuşanı görsün. Yəni düşünürəm ki, layihəni hazırlayan işçi qrupun üzvləri ilə danışılıb bu məsələyə aydınlıq gətirilməli idi.

İkincisi bu tənzimlənmə zamanı pul alınacaqmı? Buna da aydınlıq gətirilməli idi. Yəni konkret deyilməlidir və insanlar indidən bilməlidir ki, nəyə səs veririk və qanunda əks olunan məsələlər hansı formada həll olunacaq?

Bundan başqa, layihədə qeyd olunur ki, hüquq-mühafizə orqanları istisna olmaqla orada ASAN, DOST və KOB evlər olacaq. Mən komitə iclasında da bu məsələni qaldırdım. Fövqəladə Hallar Nazirliyi hüquq mühafizə orqanı sayılmır. Yanğınsöndürmə, xilasetmə, xəstəxanalar, poliklinikalar, məktəblər, universitetlər - bunların ayrı-ayrı qurumlara tabeçilikləri var.

Bunlarla bağlı məsələlər öz həllini necə tapacaq? Bu məsələlərə də diqqət yetirilməyib. Bizdə, ümumiyyətlə Milli Parklar və Milli Təbiət qoruqları var idi. Əlbəttə ki, oradakı tarixi abidələri qorumaq lazımdır. Amma bütünlüklə şəhərin idarəetmə sistemini dəyişə bilmərik. Şəhər qoruq elan olunmaqla yaşayış məntəqəsi statusunu itirmir. Ona görə də orada yaşayan insanların, digər rayon və şəhərlərdə olduğu kimi müvafiq idarəetməsi olmalıdır. Bu, da konstitusiyaya uyğunm şəkildə tənzimlənməlidir. Sonda bir təkliflə də çıxış etmık istəyirəm. Ali məktəblərin əksəriyyəti Bakı şəhərində yerləşib. Bizim bölgələrin inkişafı üçün xüsusilə əhəmiyətlidir ki, Şuşa da daxil olmaqla işğaldan azad edilmiş hər bir rayon mərkəzində bir universitet yaradılsın. Mən vaxtilə parlamentə bu məsələni qaldırmışdım ki, adambaşına düşən universitetlərin sayına görə, nəinki inkişaf etmiş ölkələrdən, hətta region dövlətlərindən də geridə qalırıq. Kiçik bir araşdırma aparmaqla hər kəs buna əmin ola bilər. Ona görə də, universitetlərin bəzilərini hətta Bakıdan çıxartmaq da olar. Amma yeni universitetlər də tikilməlidir. Şəhərlərin Baş planı hazırlanır. Ona görə bu məsələni qaldırdım ki, diqqətdə saxlanılsın”.