Aydın Bəşirovun zavodunda kütləvi ixtisar; Gəmitəmiri Zavodu sökülür

18 İyun 2013 10:48 (UTC+04:00)

"Zaqfederasiya" adına Bakı Gəmitəmiri Zavodunda işçilərin kütləvi ixtisarı həyata keçirilib. Bu barədə AzNews.az-a zavodun 8 illik işçisi Famil Sultanov bildirib.

F.Sultanovun sözlərinə görə, o, 2006-cı ildən Gəmitəmiri Zavodunda çilingər işləyir: "İşlədiyim müddət ərzində zavod rəhbərliyi tərəfindən bir dəfə də olsun töhmət almamışam. Nümunəvi işçi olmuşam. Amma bu gün məni günahsız yerə işdən çıxarıblar. Pensiya yaşına çatan və işə az müddət əvvəl qəbul olunan işçilər qala-qala günahsız yerə məni çıxarıblar".

Şikayətçi bildirib ki, onu işdən zavodda işçi ixtisarı olması bəhanəsi ilə çıxarıblar: "Zavod rəhbərliyi deyir ki, ixtisar var. Başqa heç nə demirlər. Bu ixtisarlara isə qanunla əməl olunmur. Bir ayın işçisi qalıb, amma məni çıxarıblar".

F.Sultanovun sözlərinə görə, zavoddan ümumilikdə 100-ə yaxın işçi çıxarılıb. Şikayətçi onu da bildirib ki, işlədiyi zavodun yeri plana düşdüyü üçün, sökülür. Müəssisə isə başqa zavoda köçürüləcək.

İşdən qovulan çilingər deyib ki, ilin yarıdan çoxunu işə gəlməyənləri ixtisara salmadıqları halda, məsuliyyətli işçiləri ixtisar adı ilə zavoddan uzaqlaşdırırlar. F.Sultanov məsələ ilə bağlı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun qəbuluna getmək istəsə də, fikrini dəyişib: "Bildim ki, onun qəbuluna getsəm, o da məni yenidən zavod rəhbərliyinin üstünə göndərəcək".

"Zaqfederasiya" Bakı Gəmitəmiri Zavodunun kadrlar şöbəsinin əməkdaşı Tofiqə Təhməzova məsələ ilə bağlı AzNews.az-a verdiyi açıqlamada zavodda ixtisarların olduğunu təsdiqləyib. O, bildirib ki, ixtisarlar zavodun söküntüsü ilə bağlıdır.

Məlumata görə, zavodda aparılan söküntü "Ağ şəhər" layihəsi əsasında aparılır.

Bahar Rüstəmli
AzNews.az