Prezident Əliyevə göndərilən təbrik mesajları

30 May 2021 21:01 (UTC+04:00)

Respublika günüylə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevə göndərilən təbrik məktublarını oxuyuram. Həmən məktublarda diqqətimi çəkən bir çox faktlar vardı ki, onlardan bəziləri haqda fikirlərimi sizinlə bölüşmək istəyirəm.

Əlbəttə, təbrik məktublarının əksəriyyətində protokol qaydalarına uyğun olaraq göndərilən tərəfə dostcasına yanaşma sərgilənir, açıq desək, burada lütf həmişə səmimiyyətdən öndə durur. Amma və lakin Türkiyənin dövlət başçısı cənab Ərdoğanınkı kimi elə məktublar da var ki, oradakı lütf məhz səmimi qardaşlıq duyğularından qaynaqlanır.

Bəzi məktublarda Çin Xalq Respublikasının Sədri Si Cinpinkində olduğu kimi ikitərəfli əlaqələrdə daha çox nəyə önəm verdildiyi vurğulanır(“Bir kəmər, bir yol” layihəsi), digərlərində təbrik edənin təbrik ediləndən gözləntiləri və onun qarşılığında özünün nəyə hazır olduğu haqda hərdən açıq, hərdən də eyham şəklində messiclərə də rast gəlinir. Bu baxımdan götürdükdə diqqətimi ən çox çəkən məktublardan biri ABŞ Prezidenti Baydeninki idi.

Baydeninin “Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına, işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir” cümləsi məhz açıq messic xarakteri daşıyır.

Bu iki layihənin adının qoşa çəkilməsi fikrimcə, o deməkdir ki, rəsmi Vaşinqton “Dostluq” yatağı haqda anlaşma Memorandumunu Cənub dəhlizinə birləşdiriləcək Transxəzər qaz kəmərinin çəkilməsi yönündə atılmış önəmli addım kimi qiymətləndirir, onun üçün gərəkən dəstəyi də verməyə hazırdır.

ABŞ Prezidentinin “ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalırıq” cümləsi isə yumşaq desək, elə də anlaşılmır. O səbəbdən anlaşılmır ki, Prezident İlham Əliyev münaqişənin artıq bitdiyini bildirib. Belədə ABŞ, Prezidentinin təbrik məktubunda bənzər fikirlərin vurgulandığı Almaniya və digər qərb dövlətləri diqqəti artıq bitmiş “münaqişənin uzunmüddətli siyasi həllinə” yox, qısa müddətdə Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının bağlanmasına yönəltməlidirlər ki, onun da yolu hər iki tərəfin bir-birinin torpaq bütünlüyünü tanımasından keçir.

Dövlət başçımızın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçiriyi son tədbirindəki çıxışından da göründüyü kimi Azərbaycan ona hazırdır. Rəsmi İrəvanın hərəkətləri isə əksini göstərir. Ona görə də ilk növbədə məhz Ermənistanın diqqətinə çatdırımalıdır ki, “qonşuları ilə sülh içində yaşamaqla firavan bir dövlət”ə çevrilə bilər. Əks halda forpostluq statusu daha da möhkəmləncək.

Təbrik məktublarını oxuyarkən Rusiya, Qazaxıstan və Belarus prezidentlərinin Azərbaycanın uğurlarından bəhs edərkən demək olar ki, eyni cümləni işlətmələriylə rastlaşdım. Söhbət Vladimir Putinin təbrik məktubundakı” Sizin ölkəniz dünya arenasında yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynayır” cümləsindən gedir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təbrik məktubunda həmən fikirlər bu şəkildə ifadə olunub: Sizin ölkəniz müstəqillik illərində dövlətçiliyin möhkəmlənməsi, sosial-iqtisadi rifahın təmin edilməsi və dünya arenasında öz nüfuzunun yüksəldilməsi məsələlərində böyük uğurlar qazanıb”.
“Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, ölkənin regionda mühüm rolu və beynəlxalq arenada artmaqda olan nüfuzu Sizin həyata keçirdiyiniz sabit, öz mənafelərini uğurla müdafiə edən güclü dövlətin yaradılmasına yönəlmiş kursun səmərəliliyini şəksiz sübut edir” -bunu isə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko yazıb.

Hər üç dövlət başçısının təbrik məktubunda Azərbaycanın dünyada böyük nüfuz qazandığı vurğulanırsa, bu artıq gəlişi gözəl söz yox, reallığın təsbiti və təsdiqidir. Ermənistanın KTMT ilə bağlı aşırı gözləntilərinin doğrulmamasında heç şübhəsiz ki, bu reallıq az rol oynamır.
Cənab Putinin məktubunda “Biz Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk” cümləsi də vardı ki, oxşar fikirlər İran Prezidenti Həsən Ruhaninin təbrik məktubunda da yer alır.

Bizə təkcə sözdə yox, əməldə dost olan ölkələrdən biri məncə, Özbəkistandır ki, bu, Prezident Şavkat Mirziyoyevin təbrik məktubundan da açıq-aydın görünür: “Biz Azərbaycanı qədim və zəngin mədəni irsə malik ölkə, Sizin hərtərəfli düşünülmüş və uzaqgörən siyasətiniz sayəsində bütün sahələrdə sürətli tərəqqiyə çatmış, öz milli maraqlarının səmərəli müdafiəsində və tarixi ədalətin bərpasında böyük uğurlar qazanmış dövlət hesab edirik, bundan sonra da sizi hərtərəfli dəstəkləməyə hazır olduğumuzu bildiririk”.

Özbəksitan Prezidentinin bu fikirlərindən görünür ki, cənab Ərdoğanın məktubunda vurğulanan qardaşlıq duyğusuna o da şərikdir:”Qardaş Azərbaycan bu il Respublika Gününü Vətən müharibəsində qazandığı haqlı zəfərinin qüruru ilə taclandırıb. Türkiyə də "kədərini öz kədəri" hesab etdiyi Azərbaycanın bu xoşbəxtliyini böyük sevinc hissi ilə bölüşür”.
Vətən savaşındakı qələbəmizin qazanılmasında çox riskləri gözardı edərək öz qardaşlıq dəstəyini əsirgəməyən bir ölkənin bizim bu xoşbəxtliyimizi böyük sevinc hissiylə bölüşməsindən təbii nə ola bilər ki?!

Vaxtınızı çox almamaq üçün bir növ kontent analiz təsiri bağışlayan fkirlərimi burada bitirir, Azərbaycanımıza daha böyük uğurlar diləyirəm. Bizim böyük uğurlara həm ehtiyacımız var, bir sıra təbrik məktublarından da göründüyü kimi həm də onu haqq edirik.

Sahib ALIYEV,

Milli Məclisin deputatı