“Neft qiymətinin artması Azərbaycanın valyuta gəlirlərini artıracaq”

2 İyun 2021 13:58 (UTC+04:00)

“Neftin qiyməti 70 dollarlıq psixoloji həddi keçib. OPEC+ ölkələrinin hasilatı gözləndiyindən daha az artırması və qlobal tələbin çoxalması neftin qiymətini yüksəldib”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov neftin qiymətinin qalxması ilə bağlı deyib.

O bildirib ki, qlobal vaksinasiyanın genişlənəcəyi halda neftə tələbin daha da artacağı gözlənilir: “Neftin qiymətinin yüksəlməsi enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın valyuta gəlirlərini artıracaq.

Ölkəmizin ümumi ixracatının 85 faizinin enerji məhsullarının təşkil etdiyini nəzərə aldıqda neftin hər barelində qiymət artımları ölkəmiz üçün əlavə valyuta gətirir. Enerji ixracatımızdan daxilolmaların artması qeyri-neft sektoruna və xüsusən də infrastruktur layihələrinə daha çox vəsaitin ayrılması baxımından da təqdirəlayiqdir”.