Şəmsiyyə Bəylərqızının məhkəməsi təxirə salındı

18 İyun 2013 15:52 (UTC+04:00)
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymanin şikayəti əsasında həbs olunan Şəmsiyyə Bəylərqızının cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməsi nəzərdə tutulan prosesin təxirə salınmasına 11 gündür aclıq aksiyası keçirən Ş. Bəylərqızının vəziyyətinin pisləşməsi səbəb olub.

Proses iyunun 25-i davam etdiriləcək. Həmin gün Ş. Bəylərqızına hökm oxunacaq.

Qeyd edək ki, Ş. Bəylərqızı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.

Ə. Süleymani Daxili İşlər Nazirliyinə etdiyi şikayətində Ş. Bəylərqızının ona qarşı dələduzluq etdiyini və 741 min ABŞ dolları məbləğində pulunu mənimsədiyini bildirib. Həmin şikayət əsasında Ş. Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Ş. Bəylərqızı bir neçə gündür ki, aclıq aksiyasına başlayıb. Ş. Bəylərqızının məhkəmənin onun işinə qərəzli baxmasına etiraz olaraq aclıq aksiyasına başladığı bildirilib.

AzNews.az