Nikol Paşinyan Fransaya səfər etməklə parlament seçkisi öncəsi daha çox səs qazanacağına ümid edir. Paşinyan bir tərəfdən göstərir ki, o ermənilərin daha çox rəğbət etdiyi Fransaya səfər edib, digər tərəfdən Fransa prezidenti yenə Ermənistanı dəstəkləyib. Buna baxmayaraq, Fransanın Azərbaycanla Ermənistan sərhəddinin müəyyənləşdirməsinə təsir etmək imkanı yoxdur. Azərbaycan Fransanı artıq vasitəçi dövlət kimi qəbul etmir. Fransanın Azərbaycana təzyiq etmək alətləri də yoxdur. Əksinə, Emmanuel Makron hər dəfə İrəvanı dəstəkləməklə Fransa-Azərbaycan münasibətlərinə zərbə vurur.
Bu arada, yəni iyunun 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələr keçirməsi diqqəti çəkdi. Tərəflər Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı rayonlarında deeskalasiyanı müzakirə etdilər. İşgüzar əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olundu.
Rəsmi Bakı Moskvanın vasitəçiliyini qəbul edir. Ancaq Azərbaycan sərhəd məsələsini birbaşa Ermənistanla həll etməlidir. İrəvan istəyir ki, rusiyalı hərbçilər Azərbaycanla sərhəddə yerləşsinlər. Digər tərəfdən İrəvan istəyir ki, rusiyalı hərbçilər Azərbaycan sərhədçilərin yerləşdikləri məntəqələrdən çıxarsınlar. Bu mümkün deyil. Rəsmi Bakı Rusiya hərbçilərinin Ermənistan tərəfdə sərhəddə yerləşdirilməsinin əleyhinə deyil, bu Rusiya ilə Ermənistanın daxili işidir. Ancaq bu Azərbaycan hərbçilərinin Ermənistanla sərhədi tam nəzarətə götürməsindən sonra mümkündür. Moskva bu məsələdə ehtiyatlıdır. Kreml Azərbaycanla Ermənistan arasında moderator olduğundan Azərbaycana təzyiq etmək istəmir. Digər tərəfdən Türkiyə amili də var. Moskva sərhəd məsələsində Azərbaycana təzyiq etmək istəsə Türkiyə sərhəd məsələsində Azərbaycana real dəstək verəcək, türkiyəli hərbçiləri Qarabağda yerləşməsi prosesi sürətlənəcək.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi