İctimai Şuralara ən gur və şəffaf seçki: DİN çərçivələri sındırdı

4 İyun 2021 07:20 (UTC+04:00)

Bundan 8 il əqdəm Azərbaycanda “İctimai iştirakçılıq haqqında” qanun qəbul qəbul ediləndə və prezident İlham Əliyevin fərmanı ilə qüvvəyə minəndə ənənəvi skeptiklər ağız büzmüşdülər. Ölkəmizdə irəli sürülən ən yaxşı təşəbbüslərə və qazanılan istənilən uğura qara eynəkdən baxmağa adətkərdə olanlar qanunun öz məqsədinə çatmayacağına əminlik sərgiləyirdilər. Bir tərəfdən beynəlxalq təşkilatların hesabatlarına “bizdə filan qanun var, amma işləmir” rəyini yazdırmaq üçün dəridən-qabıqdan çıxanlar, bir yandan vətəndaş cəmiyyəti institutlarının “qonqo”laşması, ən başlıcası isə, dövlət qurumlarının şəffaflığa, hesabatlılığa, ictimai müzakirə və nəzarət mexanizmlərinə qapalı qalmaq “əzmi” ötən səkkiz il ərzində ictimai iştirakçılıq təzahürlərini və onun bir modeli olaraq nəzərdə tutulan İctimai Şuraların fəaliyyətini dar çərçivədə saxladı.

İstər mərkəzi, istərsə də yerli dövlət qurumları, təhsil müəssisələri və bələdiyyələr özlərinə bab adamları “ictimai” sifəti ilə cəmləyib şuralar yaratdılar, nəticədə onların nə həmin təşkilatlarda bir çəkisi oldu, nə də cəmiyyətdə. Böyük ölçüdə hər şey formal oldu və kağız üzərində qaldı. Azərbaycanda islahatlara olan ehtiyac dövlət təşkilatına əl gəzdirilməsinin vacibliyini gün üzünə çıxarandan və prezident Əliyev şəffaflıq və hesabatlılıq kimi məfhumların dövlət qurumlarının fəaliyyətində əsas meyara çevrilməli olmasının altını dəfələrlə çizəndən sonra sözügedən qanuna baxış da xeyli deyişdi. Madam çoxdan qəbul edilmiş belə yaxşı qanunumuz var, onda nədən işlək olmasın, ictimai şuralar gerçək seçki yolu ilə müəyyənləşməsin, onların fəaliyyətində səmərəliliyin artırılması üçün yollar aranmasın?

Bir sözlə və elə “İctimai iştirakçılıq haqqında” qanuna nəzərən desək, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması üçün əməli addımlar niyə atılmasın?

Sual yaxşı qoyulmuşdu, ancaq bir problem vardı: dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları öz komplekslərini sürətlə dəyişməyə hazır deyildi. Odur ki, az sayda bir neçə dövlət qurumunu qırağa qoysaq, hər iki tərəf gerçək ictimai məşvətəçilərin və nəzarətçilərin üzə çıxmasına imkan verməmək xəttini tutdu, bunun da başqa bir nəticəsi həm də o oldu ki, eyni adam bələdiyyələrdən tutmuş mərkəzi icra orqanlarına qədər bir çox yerdə “İctimai Şura üzvü” statusu əldə etdi.

Deməli, qarşıda həm hüquqi, həm də ictimai etikanın dəyişməsi baxımdan görüləcək çox iş var, bu yöndə atılması zəruri olan addımları heç də bir kənara qoymayaraq bardağa dolu tərəfdən baxmağa çalışaq: Azərbaycanda ictimai iştirakçılıqla bütün ənənəvi komplekslər dünən Azadlıq prospekti 161 ünvanda- Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər zamanı sındı. Azərbaycanın ən zəhmli dövlət qurumlarından biri olan DİN İctimai Şuraya verdiyi qanunun ruhuna əsaslanan önəmlə, təşəbbüskarlığa açıqlığı ilə, seçki prosesini tam şəffaf, obyektiv və həqiqətən yüksək səviyyədə keçirməklə bir ilkə imza atdı. İctimai Şuralarla bağlı məsələləri xüsusi diqqətdə saxlayan, bu yöndə həm nəzəri, həm də praktiki baxımdan yaxşı biliklərə malik olan və prosesə açıq tənqidləri ilə nəzər salan ictimai fəal Cəsarət Hüseynzadə də DİN-in yaratdığı komissiyanın təşkilatçılığını təqdir etdi.

DİN yanında İctimai Şuraya üzv olmaq üçün bəndəniz də daxil olmaqla 40 nəfərin namizədliyi qeydə alınmış, seçkilərdə iştirak üçün 240-dan çox vətəndaş cəmiyyəti nümayəndəsi qeydiyyatdan keçmişdi. Bu, necə deyərlər, sensasiya idi və ictimai fəallar cameəsi bu gurluğa heyrətlə yanaşırdılar. Bəs, nədən İctimai Şuraların formalaşması prosesində bu gurluq məhz DİN-də yaşandı?

Bir neçə amil var.

Birincisi, İctimai Şuraların formalaşması başlanğıcda, yuxarıda da qeyd etdiyimiz kimi, dar çərçivədə gedirdi, ancaq prosesin bu cür getməsinin tənqidçiləri ictimai rəyi dəyişə, təşəbbüskarlığı stimullaşdıra bildilər. Bu zaman isə artıq İctimai Şurası formalaşmamış çox az mərkəzi icra hakimiyyəti qalmışdı və onlardan biri də məhz DİN olduğu üçün gurluq yarandı.

İkincisi, Daxili İşlər Nazirliyi öz funksiyalarından dolayı vətəndaş cəmiyyəti üçün xüsusi maraq kəsb edən dövlət qurumu, güc strukturudur, vətəndaş hüquq və azadlıqlarının qorunması baxımından bir çox ictimai birliklərlə maraqlar konfliktində- elmi termindir- qarşı tərəfdir. Maraqlar konfliktini əməkdaşlıq, qanunçuluq, müzakirə, plüralizm şəraitində çözməyin yolu fəallıqdan keçir.

Çox mühüm və başlıca faktorlardan biri də Daxili İşlər Nazirliyinin prestiji və nazir, general-polkovnik Vilayət Eyvazovun personası, ona olan ictimai etimadla bağlıdır. General Eyvazov həm polis sistemində, həm də cəmiyyətdə peşəkar və qətiyyətli nazir kimi tanınır, buna rəğmən İctimai Şura seçkilərinə yaratdığı şəraitlə “vətəndaş cəmiyyəti ilə konstruktiv əməkdaşlığa hazırıq, ictimai nəzarətdən çəkinmirik, fəaliyyətimizi dövlət sirri təşkil edən məqamlar xaricində, tam şəffaf və cəmiyyəti məlumatlandıraraq qurmaqda maraqlıyıq” mesajı vermiş oldu. Bu mesaj qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin başqa bir önəmli parçası olan media sektorunda müsbət qarşılandığından belə bir mənzərə orataya çıxdı. Nəticədə, dünənki səsvermədə İctimai Şura üzvlüyünə irəli sürülmüş 40 namizəddən cəmi ikisi- Əliməmməd Nuriyev və Mehriban Zeynalova barajı aşaraq İctimai Şura üzvü statusu qazansalar da, - qalan 13 üzv növbəti turda müəyyənləşəcək- həm DİN, həm vətəndaş cəmiyyəti, bütövlükdə isə, dövlət və cəmiyyət qazanmış oldu.

Çox təəssüflər olsun ki, cəmiyyətimizdə ictimai şuraların fəaliyyəti ilə təsəvvür bir çox hallarda tam və yetərli deyil. Bəziləri belə hesab edirlər ki, ictimai şura üzvü mütləq müvafiq dövlət qurumunun ya dəstəkçisi, ya da tənqidçisi olmalı, yaxud onun fəaliyyəti ilə bağlı ekspert kimi çıxış etməlidir. Bu, əlbəttə, yanlış və bəsit yanaşmadır. İctimai Şura üzvləri üçün cavabı aranan sual məhz budur: qurumun fəaliyyət siyasəti necə müəyyənləşir, qərarlar necə qəbul olunur və yerinə yetirilir, bu prosesdə qanunlar və ictimai maraqlar, o cümlədən maraqlar konfliktinin tərəflərinin hüquqları hansı dərəcədə qorunur, toplumla kommunikasiya düzgün qurulurmu?

Bu suallara müsbət cavabların hasil olması üçün, əlbəttə, İctimai Şura üzvlərinin intellekti, təcrübəsi, dəyərləri önəmlidir, amma yeganə şərt deyil. Uğurlu, səmərəli və tam əhatəli ictimai iştirakçılıq üçün əlverişli mühitin olması da çox vacib amildir. Bu mühit DİN-də mütləq formalaşacaq. Əgər DİN dünən çərçivəni sındırıb bütün cəmiyyətə şəffaflıq nümunəsi göstərə bildisə, əminəm ki, Azərbaycanda İctimai Şuraların fəaliyyəti ilə bağlı ən gözəl örnəklərdən biri elə məhz bu qurumda yaranacaq.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru