Yaxın illər üçün proqnozum

4 İyun 2021 12:04 (UTC+04:00)

İCMAL
- Hazırda Azərbaycanda hakimiyyətə gəlmək uğrunda elan edilən bütün şüarlar və cəhdlər mənasızdır.

- Azərbaycanda idarəetmədə iştirak üçün siyasi və ictimai mübarizə perspektivlidir.

- Azərbaycanda siyasi iradə və cəmiyyətdə insan haqları, bəşəri humanizm prinsipləri əsasında siyasətin davamı əlzəmdir.

MƏTN

Vətən müharibəsindən sonra yaranmış gerçəklikdə Azərbaycanın siyasi elitasının (xüsusilə müxalifət) və ictimai-siyasi sektorunun yeni konsepsiyalar qəbul edib, yeni şüarlar səsləndirəcəyini düşünürdüm. Artıq altı ay keçib və...belə bir hal müşahidə etmədim. Bölgə reallığı dəyişibdir və buna müvafiq düzəlişlərə getmək lazım idi.

Bunun əvəzinə demək olar ki hamıda köhnə gündəm xortlamış, bir növ "köhnə hamam, köhnə tas" hekayəsi gerçəkləşmişdir. Yenə də "uduzduq, bu hakimiyyət bircə təpə də ala bilməz, hakimiyyət demokratikləşə bilmir, islahat nağılı danışılır və s." və s.

Diqqət etdinizsə, hamısında hədəf hakimiyyətdir. Demək hədəfləri də hakimiyyətə gəlməkdir.

Olsun.

Amma bu şikayətşi elitanın unutduğu bir fakt var: Gündəmləri mənfi əhvala yükləyir, camaat isə əyləncə, sabaha inanaraq yaşamaq və çəmənlikdə kabab bişirərək "çorta" düşməyi xəyal edir - onları isə dinləyən kiçik sabit bir kütlədir və bu kütlə gedərək daralır.

Burada bir haşiyə çıxmaq məcburiyyətindəyəm. Siyasi qüvvələrdən ancaq ReAL həmişə öz gündəminə sahib olub və ardıcıl olaraq öz gündəmini gerçəkləşdirməklə məşğuldur. Bir də siyasi arenada bəzi yeni simalar meydana çıxmağa hazırlaşır. Qalanı elə qaldığı yerdən davam edir. Haşiyənin sonu.

Başdan onu söyləyim ki, mən orta sağ mövqeyə sahib, Helsinki insan haqları bəyannaməsinin bütün müddəalarını səmimi və könüllü olaraq mənimsəmiş mühafizəkar bir insanam.

Ən başlıcası isə REALPOLİTİK məntiqinə sadiqliyimdir. Mənim gözümdə ancaq mövcud vəziyyətə uyğun optimal, rasional qərarlar əsasında siyasət qurulmalıdır. Mənə nə siyasi islam, nə radikal sol, nə Avropa liberalizmi, nə Amerika liberalizmi, nə daosizm maraqlı deyil (bir növ "girmir").

Özünə Azərbaycanlı deyən insanların dövlətinin, yəni kollektiv institutunun maraqlarının optimal, rasional yanaşma ilə təmin edilməsi mənim üçün birinci məsələdir. Qalan hamısı təfərrüatdır.
Azərbaycanda nə olacaq?

Mövcud siyasi və ictimai gündəmlə mövcud hakimiyyətin zəiflədilməsi xülyadır - özünüzü yormayın.
Azərbaycanda dövlətçi və xüsusilə də azərbaycançı kadrlar olmalıdır. Hazırda belə deyil. Demək bunları yetişdirmək üçün vaxt lazımdır. Əlbəttə niyyət də lazımdır, amma artıq bu niyyətin olduğunu sezirəm.

Bu keçən 30 ildə siyasi elita və siyasi şüarlar köhnələrək tamamilə sıradan çxıdı və birər tarixə, muzey eksponatına çevrildi. Əlbəttə bəzi dostlarım və böyüklərim məndən buna görə inciyəcəklər, amma abır-həya xatirinə susmaq artıq alınmır - insanların üzünə dik baxa bilmək mənim üçün, əslində elə onlar üçün də vacibdir, lazımdır, zira Lazım artıq gəldi.
Azərbaycanda yeni siyasi elita, siyasi düşüncə formalaşmalı, humanist cəmiyyət qurmaq uğrunda gedən ictimai proseslər davam etdirilməlidir.

Azərbaycanda xarici mərkəzlərə sadiqliq nümayiş etdirən bütün zümrələrin ölkə gündəmini ələ keçirməsinə sıxışdırılaraq əngəl törədiləcəkdir. Bu siyasi və hətta dini çevrədə də görüləcəkdir. Məsələn, Azərbaycanda vilayətçilər artıq at oynada bilməyəcək, onun yerinə yeni Azərbaycan şiəliyi inkişaf etdiriləcəkdir. Digər zümrələrdən ancaq sələfilər ciddi təhlükə idi, amma onların da bellini "Dövlə islamiyyə" qırdı. Digər bir misal: Azərbaycanda radikal sol, Amerikan liberalizmi yaxın 50 ildə hər zaman 5 faizdən az insanımıza müraciət edə bilən zümrə olaraq qalacaqdır.

Çox sadalaya bilərəm, lakin yaxın onillərdə cəmiyyət hakimiyyətə gəlməyə deyil, idarəetmədə iştiraka can atmalıdır.

Azərbaycanda indiki vəziyyəti ən yaxşı Türkiyə və İspaniya modelləri izah edə bilər. Türkiyə və İspaniyada xarici və daxili qüvvələrə qalib gəlmiş hakimiyyət bir neçə onillik ərzində dövlətçi siyasi elitanı formalaşdırdıqdan sonra əvvəlcə idarəetməni, sonra da yavaş-yavaş hakimiyyəti yeni elitaya təslim etdi. Burada Pakistan, İran, Misir nümunələrini də gitəriə bilərdim, amma onlarda yeni qurulmuş siyasi sistem açıq-aşkar qələbə qazana bilmədiyi üçün nümunəyə çevrilə bilmirlər. Pakistan və İran qələbə qazana bilmədi, Misir isə İsrailə uduzdu.
Əlqərəz.

-Hazırda Azərbaycanda hakimiyyətə gəlmək uğrunda elan edilən bütün şüarlar və cəhdlər mənasızdır.

- Azərbaycanda idarəetmədə iştirak üçün siyasi və ictimai mübarizə perspektivlidir.
- Azərbaycanda siyasi iradə və cəmiyyətdə insan haqları, bəşəri humanizm prinsipləri əsasında siyasətin davamı əlzəmdir.

Yaxın illər üçün proqnozum.

- Azərbaycanda yeni idarə modelləri sınaqdan keçiriləcək. Bunun üçün poliqon olaraq Qarabağ istifadə olunacaq. Bu bölgədəki "Prezident təmsilçisi" və yerli-özünü idarə strukturları, məsələn bələdiyyələr şəklində özünü göstərəcək.

- Azərbaycanda ideoloji siyasi partiyaların ələkdən keçirilərək asta "xodda" bişirilməsi, hazırlanması həyata keçiriləcək.

- Yeni siyasi institutlar və partiyalar ehtiyatla idarəetməyə buraxılacaq.

- Nəticədə böyük ehtimalla Britaniya, Hollandiya, İspaniya modeli gerçəkləşəcək. Hakimiyyətin Türkiyə modelinə gedəcəyinə hələ inana bilmirəm.

NƏTİCƏ

Azərbaycan hakimiyyəti öz maraqlarını yeni gündəmə keçirə bildi, ancaq müxalif düşərgə bu məsələdə hələ ki sinifdə qalır.

Azərbaycanda əsas siyasət hakimiyyət-müxalifət qarşıdurmasından vaz keçərək gələcəyə doğru əl-ələ hakimiyyət-müxalifət tandemində hərəkət etməkdə olmalıdır.

Vasif İSMAYIL