Samirə bayraqla bağlı qalmaqaldan danışdı

4 İyun 2021 12:47 (UTC+04:00)

Müğənni Samirə Əfəndi “Avroviziya” mahnı müsabiqəsində Azərbaycan bayrağı ilə bağlı yayılmış görüntülərə aydınlıq gətirib.

AzNews.az xəbər verir ki, sənətçi MTV-də yayımlanan “10-da görüşək” proqramında qonaq olarkən dövlət rəmzimizin yerə tullanmadığını bildirib:

“Mən, nə də ki, başqaları icazə verə bilməzdik ki, bayrağımız yerdə olsun, nəinki bizim, hətta başqa ölkələrinki də. Hər zaman yerdən götürüb yuxarı qoyurduq. Mən finalda bayrağı divanın üstünə sərdim ki, orada rəqs edəndə bayraq düşməsin. Arena elə qurulub ki, üstdən çəkiliş zamanı bayraq bizimlə eyni səviyyədə görünürdü”.

Bundan əlavə, o, milli komandaya daxil olan xarici rəqqasənin bayrağımıza qarşı hörmətsizlik sərgiləməsindən də danışıb: “Digər insidentdə isə həmin rəqqasə xanıma başa saldıq ki, bunu eləmək olmaz. O qız da bütün rəyləri tərcümə edərək oxuyub səhərəcən ağlayırdı. Mən hərbçi qızıyam, yanımda heç kəs bayrağa hörmətsizlik edə bilməz. O qız çox həyəcanlı idi, insan nə etdiyini bilmir. Finalda bayrağı öpüb üzr istəyəcəkdi, amma bizi çəkmədilər. Hətta Birləşmiş Krallıq təmsilçisi bayraqlarını ayaqlarına dolamışdı. Mən onda işarə etdim ki, götür, şəkil çəkdirək. Xahiş edirəm, bu məsələ uzanmasın. Artıq xoşagəlməz hal almağa başlayır”.

Həmçinin Samirə Azərbaycanı müsabiqədə üçüncü dəfə təmsil etmək istəyindən söhbət açıb: “Bir neçə ildən sonra mənə yenidən şans verilsə,3-cü dəfə də təmsilçi olmaq istəyirəm. Bu dəfə çox güclü, damara işləyən bir ballada oxumaq istəyirəm. İndidən o biri ifaçılara deyirəm, hazır olun”.

O, yarışma birincisi Nigar Camalın geyimi barədə açıqlamasına da cavab verib: “Mən Nigarın mənim haqqımda olan fikirlərini səhnəyə çıxmamışdan öncə izlədim. Düzü, bir az pis təsir etsə də, sonradan unutdum. Mən olsam, bəyənməsəm də ifaçıya həmişə mənəvi dəstək olaram. Ən azından ölkəmizi təmsil edirdim”.