Prezidentin köməkçisi Məhərrəm İbrahimovun vida mərasiminə qatılıb

5 İyun 2021 12:53 (UTC+04:00)

"Onların gördüyü işlərin böyük bir dəyəri var. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyi onlar sənədləşdirirlər. Onlar işğaldana zad edilmiş əraziləri qarış-qarış, addım-addım, kəndbəkənd gəzirdilər. Bu işin dəyəri bu gün də, yüz ildən sonra üçün də vacibdir".

AzNews.az xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev şəhid jurnalist Məhərrəm İbrahimovun vida mərasimində jurnalistlərə açıqlamasında deyib.

"Çünki onlar Azərbaycan xalqının salnaməsini yaradırdılar. AZƏRTAC və Azərbaycan Televiziyası tərəfindən ezamiyyətlərinin dəyişdirilməsi ilə bağlı müraciətlər olduğu təqdirdə geri qayıtmırdılar. Bu işi çox böyük əzmlə, rəşadətlə və həvəslə yerinə yetirirdilər. Amma onlar mənfur ermənilər tərəfindən bu xəyanətkar mina fəaliyyətinin qurbanı oldular. Allah onlara rəhmət eləsin. Bu, eyni zamanda Azərbaycan jurnalistikası və mediası üçün böyük itkidir. Bu müharibə dövründə Azərbaycan əsgərləri ilə çiyin-çiyinə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan mediasının və jurnalistlərinin rəşadətini gördük. Onlar ön cəbəhədə idilər və ermənilərin vəhşiliyini lentə alaraq dünya ictimaiyyətinə çatdırırdılar. Qardaşlarımızın gördüyü işlər də bu prosesin tərkib hissəsi idi. Bu hadisə dünya mediası üçün də böyük itkidir. Ona görə də bütün beynəlxalq təşkilatlara da müraciət olunub ki, bu hadisə, bu vandalizm və bu vəhşilik beynəlxalq ictimaiyyət tərədindən qınanılmalıdır", - Prezidentin köməkçisi bildirib.

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.