Abbas Abbasov SADVAL-ın hədəfində

19 İyun 2013 08:04 (UTC+04:00)


Separatçı ləzgi təşkilatı olan "Sadval"ın yaxın günlərdə Dağıstanın Azərbaycanla sərhəd Məhərrəmkənd rayonunda böyük mitinq keçirməyi planlaşdırması barədə məlumatın ardınca aksiyanın ümumRusiya hərəkatı adə altında iyunun 29-da təşkil olunacağı bildirilir. Aksiya Azərbaycanla yanaşı, "AzərRos"un Ağsaqqallar Şurasının sədri Abbas Abbasova qarşı da yönələcək.

Federal Ləzgi Milli-Mədəni Muxtariyyatının (FLMMM) prezidenti Arif Kərimov mətbuata müsahibəsində iyunun 29-da keçirilməsi nəzərdə tutulan aksiyadan danışaraq Abbas Abbasovu və "AzərRos"un Ağsaqqallar Şurasının üzvü Rüstəm Arifcanovu hədəfə alıb.

Hər iki şəxsin Dərbəndi qədim Azərbaycan şəhəri adlandırmasına qəzəblənən qurum rəhbəri bu çıxışları Rusiyanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndirib: "Abbas Abbasov 14 il Azərbaycanda baş nazirin birinci müavini olub. O, milli məsələləri kurasiya edirdi. Onun Dərbənd barədə söylədikləri Qafqazın qədim xalqlarına olan münasibətini göstəricisidir".

İyunun 29-da planlaşdırılan və SADVAL-ın təşkil etdiyi bildirilən mitinqdə iştirak edəcəyini deyən qurum rəhbəri ona çıxış veriləcəyi təqdirdə bu barədə daha ətraflı danışacağını deyib.

Elnarə Əlosmanqızı
AzNews.az