Abid Şərifovdan həyat yoldaşının məhkəməyə verilməsi barədə açıqlama

9 İyun 2021 15:22 (UTC+04:00)

Baş nazirin sabiq müavini Abid Şərifov həyat yoldaşı Sədayə Şərifovanın məhkəməyə verilməsi barədə danışmaq istəməyib.

AzNews.az-ın məlumatına görə, Abid Şərifov Demokrat.az-a açıqlamasında həyat yoldaşının məhkəməyə verilməsindən xəbərsiz olduğunu bildirib:

"Bizi məhkəməyə kim verib? Nə üçün verib? Heçnədən xəbərim yoxdur".

Xatırladaq ki, Baş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Sədayə Şərifova məhkəməyə verilib.

S.Şərifovaya qarşı "Bulaq-2" MTK-dakı bir neçə mənzillə bağlı Binəqədi rayon məhkəməsində iddia qaldırılıb.

Belə ki, bu mənzillər Abid Şərifova vəzifədə olduğu dövrdə pay verilib. Həmin mənzillər ayrı-ayrı şəxslərə satılıb. Hazırda o evlərdə Kazımova Sədaqət Abbas qızı, Məmmədova Mahirə Mehman qızı, hidayətli Elvin Əkrəm oğlu yaşayırlar.

S.Şərifova məhkəmədə iddia qaldırıb ki, həmin şəxslər evdən çıxarılsın. Onlar isə sənədlərinin düzgün olduğunu əsas göstərərək evdən çıxmayacaqlarını bildiriblər və onlar da S.Şərifovanı məhkəməyə veriblər.

İşə 21 iyun saat 14:30-da Binəqədi rayon məhkəməsində hakim Fuad Abdıyevin sədrliyi ilə baxılacaq.