“Son sözü Azərbaycan Prezidenti deyib” - Əziz Əlibəyli

9 İyun 2021 17:37 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağın statusu barədə danışıb. XİN başçısı deyib ki, Minsk qrupunun iştirakı ilə ermənilərlə azərbaycanlılar birgə yaşamağı öyrənməlidir. Bildirib ki, bundan sonra Dağlıq Qarabağın statusu barədə danışıqlar aparmaq lazımdır.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli məsələ ilə bağlı AzNews.az-a danışıb:

O bildirib ki, statusla bağlı son sözü artıq Azərbaycan Prezidenti İlham Əliyev deyib.

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışında vacib nüans azərbaycanlılarla ermənilərin birgə yaşaması mövzusudur ki, bu da mütləqdir. Çünki Azərbaycan, Ermənistan və Rusiya tərəfi 10 noyabr razılaşmasında birgə yaşayışı təmin etmək üçün imza atıblar. Azərbaycan tərəfi razılaşmanın şərtlərinə sadiq olduğunu bildirir. Burda əsas problem məhz ermənilərlə bağlıdır. 10 noyabr razılaşmasının əsas hədəfindən biri Qarabağda yaşayan ermənilər Azərbaycan suverenliyinə daxil olmalarıdır", - deyə şərhçi əlavə edib.

Ə. Əlibəyli Ermənistan ərazisindən qaçqın düşən azərbaycanlıların geri qaytarılmasının vacibliyini vurğulayıb. O, kommunikasiya xətlərinin açılması məsələsinə münasibət bildirib:

“Lavrovun çıxışına görə, bütovlükdə sərhədlər açılmalı, kommunikasiyalar bərpa olunmalıdır. Bu 20 iyunda keçiriləcək seçkilərdən sonra Ermənistanda hakimiyyətə kim gələcəksə birbaşa həmin şəxsin üzərində olan öhdəlikdir. Mesajın seçkilərdən öncə verilməsi də məhz ona hesablanıb. Nəzərə almaq lazımdır ki, sərhədlərin açılması, kommunikasiyanın bərpa olunması Azərbaycanın, Türkiyənin, Rusiyanın istəyi ilə yanaşı İranın da istəyidir".

Ə. Əlibəyli sonda qeyd edib ki, bu proses eyni zamanda gələcəkdə Ermənistanın da mənafeyinə yaxşı mənada təsir göstərəcək. Lavronun bu açıqlamasını problemlərə konseptual yanaşma kimi qeyd etmək lazımdır.

Şəbnəm Zahir

AzNews.az