İlhamə Quliyevaya yeni vəzifə təklif olundu

19 İyun 2013 08:58 (UTC+04:00)
Dünya Azərbaycanlıları Milli Birliyinin sədri, Cənubi Azərbaycandan olan soydaşımız, "Bütöv Azərbaycan" televiziya kanalının təsisçisi Cavad Derəxti İsveçdən xalq artisti, İlhamə Quliyevaya zəng edib.

Bu barədə sənətkarın mətbuat katibi Faiq Ələkbərli məlumat verib. Telefon bağlantısında təxminən 40 dəqiqə söhbət edən Cavad Derəxti yeni açılan kanalın rəhbərliyini İlhamə xanıma həvalə etmək arzusunda olduğunu bildirib: "İlhamə xanım, biz sizi İsveçə dəvət edirik. Televiziya kanalının rəhbərliyini qəbul etsəniz şad olarıq. Xanım İlhamə Quliyevanın bu işə rəhbərlik etməsi çox vacibdir. Uzun illərin sənət təcrübəsi, Azərbaycanın mədəniyyəti və incəsənəti üçün gördüyünüz işlər, milyonlarlala tamaşaçının sevgisi, sənətkar olmaqla bərabər, həm də ictimai xadim kimi nüfuzunuz və ən əsası İlhamə xanım Quliyeva olmağınızla bu yerə məhz siz layiqsiniz. Təklifimizi qəbul etməklə nəinki məni, İsveçdə, eləcə də dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımızı şad etmiş olarsınız. Cavabınızı səbirsizliklə gözləyirəm".

Mətbuat katibi qeyd edib ki, sənətkar bu barədə düşünür və fikirləşir. Cavad bəy söhbət əsnasında bir günlük Azərbaycana səfər etmək, bununla bağlı İlhamə xanımla görüşmək istədiyini söyləyib.

Xatırladaq ki, bu günlərdə İsveçin Malmö şəhərində açılan "Bütöv Azərbaycan" televiziya kanalı bütün Avropaya müasir HD formatı ilə yayımlanır. Yeni televiziya kanalı İsveçdə qeydiyyatdan keçib. "Bütöv Azərbaycan" televiziyasının verilişləri azərbaycan, rus, fars, ingilis və s. dillərdə tamaşaçılara təqdim olunur.//qafqazinfo//

AzNews.az