"Ermənistan ərazisi hesabına 5 kilometr enində təhlükəsizlik zolağı yaradılmalıdır" - Aqil Camal

11 İyun 2021 11:56 (UTC+04:00)

“Ortaq Dəyərlər” İctimai Birliyinin rəhbəri Aqil Camal AzNews.az analitik-informasiya portalına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Aqil bəy, doğulduğunuz Kəlbəcərə son günlər qoyun sürülərinin, arı pətəklərinin köçü başlayıb. Necə deyərlər, Kəlbəcərə həyat qayıdır. Bununla bağlı müxtəlif, bəzən də bir-birinə əks olan fikirlər səsləndirilir. Mina və təxribat təhlükəsi, insanların qayıdışına icazə verilmədiyi halda təsərrüfatla məşğul olanların rayona gedə bilməsi barədə suallar səsləndirilir. Siz bu hərəkətliliyi necə qiymətləndirirsiniz?

- Hər şeydən əvvəl şükür edəcəyimiz bir məsələ var: Bu gün Kəlbəcər erməni tapdağı altında deyil. Bu gün Kəlbəcər Azərbaycan əsgərinin nəzarətindədir. Tək elə bu vəziyyət 28 ildir Kəlbəcər deyə-deyə dünyadan köçənlərimizin ruhunu şadlandıran, doğma yurda qayıtmaq üçün səbirsizlənən onminlərlə kəlbəcərli üçün başlıca təsəlli mənbəyidir. Dediyiniz məsələlər ətrafında fərqli fikirlərə gəlincə, bunu təbii qəbul etmək olar. İndi insanlar işğal dövründəkindən daha səbrsiz olublar. Əvvəl, torpaqlar işğal altında idi, bununla hardasa, məcburən barışmışdılar. Amma indi həsrətində olduğun torpaqlar azad olunub, hər gün qarşına doğma yurddan videolar çıxır, kimlərsə gedir, amma özün gedə bilmirsən – bu insanlarda qıcıq, etiraz yaradır. Bununla yanaşı, reallıqlar da öz yerindədir. Təsərrüfat subyektlərinin Kəlbəcər ərazisinə buraxılması həm sosial-iqtisadi, həm də hərbi, strateji, təhlükəsizlik baxımından gərəklidir. Bölgədə hərbçilərimiz var, amma onlar əsasən postlarda, yüksək mövqelərdə qərar tutublar. Bu, 28 ildir rayonda qanunsuz məskunlaşmış, əraziyə artıq bələd olan, təxribat törətməyə, Kəlbəcər ərazisindən keçib Qarabağa getməyə çalışan ermənilər üçün arxayınçılıq yarada bilər. Amma ərazidə təsərrüfatla məşğul olan insanların varlığı onları çəkindirə bilər. İnsan ayağı dəyən yerdə həyatı başlayır. Mən təklif edirəm ki, çobanlar həm avtomat silah, həm durbinlər, həm də rabitə vasitələri təmin olunsunlar. Qarşılaşdıqları hansısa təhlükəli situasiyada operativ reaksiya və məlumat verə bilsinlər. Hətta minaaxtaran cihazlar da verilə bilər.

- Yəqin siz də bir çox məcburi köçkün kimi öz doğma yurdunuz Kəlbəcərdə yaşamaq istəyirsiniz. Qarabağda məskunlaşma, böyük qayıdışın necə olacağını düşünürsünüz?

- Əlbəttə. Qayıdışımız birmənalıdır. Bilirsiniz, bəlkə də, işğal dövründə bu yöndə suallara verilən cavablar bəlkə də səmimi qarşılanmırdı. “Torpaqlarımız azad olunsun, evimizə, elimizə dönəcəyik” deyənlərə bəlkə də, arxada deyirdilər ki, torpaq əldə deyil, ona görə belə deyir. Bu gün işğaldan azad olunmuş rayonlarımızın əhalisinin qayıdışla bağlı sərgilədikləri yüksək ruh onu deməyə əsas verir ki, böyük əksəriyyət bu niyyətdədir. Mən bunu öz camaatımızın, kəlbəcərlilərin timsalında da, görürəm. Kəlbəcərin işğaldan azad olunması əhaliyə böyük ruh verib. Son vaxtlar Kəlbəcərdə qonşu olmuş, sinif yoldaşı olmuş insanların görüş günləri təyin edərək bir araya gəlməsi halları artıb. Təsəvvür edin, 28 ildə bir-birini görməyən insanlar Kəlbəcər işğaldan azad olunandan sonra bir-birini arayıb axtarırlar. Biz də bu insanların içərisindəyik. Bəzən məskunlaşma ilə bağlı smart yaşam şərtləri haqda istəklər səsləndirilir. Bizim üçün quru Vətən daşı da əzizdir. Yetər ki, tezliklə yollarımız açılsın, Gedək, evimizə, ocağımıza sahib çıxaq.

- “Qaçqınkom” yanında İctimai Şuranın üzvü seçilmisiniz. Qayıdışla bağlı bu qurumda nələr müzakirə olunur?

- Artıq komitə rəhbərliyi ilə birlikdə qayıdış məsələlərinin müzakirəsi mövzusunda iki görüşümüz olub. Təkliflər çoxdur. Mən bu yöndə bir neçə təklifimi yazılı şəkildə İctimai Şuraya, Şura isə Komitəyə təqdim edib.

- Bu təkliflər hansılardır?

Bilirsiniz ki, bu gün Prezident İlham Əliyevin tapşırıq və göstərişləri, birbaşa nəzarəti altında işğaldan azad edilmiş rayonlarımızda genişmiqyaslı infrastruktur işləri həyata keçirilir. Ərazilərin minalardan təmizlənməsi, təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, həyati əhəmiyyətli infrastrukturun qurulması üçün intensiv iş aparıır. Eyni zamanda, dağıdılmış bir sıra yaşayış məntəqələrinin bərpası və yenidən qurulması üçün söküntü işləri aparılır. Bölgədə həyata keçirilən kompleks fəaliyyətlər onu deməyə əsas verir ki, çox da uzaq olmayan müddətdə Böyük Qayıdışa start veriləcək, məcburi köçkün həmvətənlərimiz 30 il həsrətində olduqları yurdlarına dönə biləcəklər. Hazırda işğaldan azad edilmiş rayonlarda aparılan işlərlə bağlı bu rayonlardan olan sakinlərin səsləndirdiyi və böyük çoxluq tərəfindən dəstəklənən bir sıra təklif və tövsiyələr var.

Ən çox səsləndirilən təkliflərdən biri minalardan təmizlənmiş ərazilərdə söküntü işləri aparmamışdan əvvəl həmin ərazidə mövcud olmuş evlərin kimə məxsus olmasının qeydiyyatının aparılması, həmçinin, orada yaşamış insanların əraziyə ziyarətinin təşkil olunmasıdır.

- Bu, məcburi köçkünlər üçün həssas məqamdır.

- İnsanlar onların mülkiyyəti olmuş, onilliklərlə içərisində yaşadıqları evlərini, həyətlərini, bağça-bağlarını dağıdılmış vəziyyətdə olsa belə, görmək, 30 ildir daşıdıqları ağrı-acılara, həsrətə orada son vermək istəyirlər. Məcburi köçkünlər gələcəkdə məhz əvvəl yaşadıqları, onlara məxsus olmuş sahədə evlərinin tikilməsini və orada məskunlaşmalarını istəyirlər. Bunun reallaşdırılması həm vətəndaşın mülkiyyət hüququna, həm də mənəvi tələblərinə hörmət kimi qəbul edilə bilər, həm də doğma yurda qayıdış prosesinə böyük təkan verər.

Səsləndirilən aktual və icrası mümkün olan təkliflərdən biri hazırkı dövrdə dünyasını dəyişən məcburi köçkünlərin öz vəsiyyətlərinə və ya yaxınlarının istəklərinə uyğun olaraq müvafiq şəkildə sakini olduqları rayonlarda dəfninin təşkilidir. 30 illik işğal dövründə məcburi köçkünlərin arzularından biri doğma yurda qayıtmaqla yanaşı, dünyasını dəyişəndə öz torpaqlarında dəfn olunmaq olub. Torpaqların işğaldan azad edilməsindən sonra dünyasını dəyişən məcburi köçkünlərin hələ də, həsrətində olduqları torpaqlarda dəfn edilməməsi ağrılı məsələlərdən biridir.

Bu məsələ ilə bağlı təklif ondan ibarətdir ki, işğaldan azad edilmiş rayonlarda hər rayonda biri olmaqla mərkəzləşdirilmiş məzarlıqlar salınsın. Qarşıdakı məskunlaşmaya qədər Azərbaycanın digər yerlərində vəfat edən məcburi köçkünlər öz vəsiyyətləri və ya yaxınlarının istəyinə əsasən, aparılaraq həmin məzarlıqlarda dəfn olunsun. Bu addım, insani və mənəvi baxımdan böyük məna daşımaqla, gələcək məskunlaşmaya müsbət təsir göstərəcək amillərdən biri ola bilər.

Digər təklif ərazilərdə yenidəqurma işləri zamanı yerli əhalinin imkanlarından istifadə olunmasıdır. Bir sıra məcburi köçkünlər onlara məxsus olmuş mülklərin bərpasını və ya yenidən qurulmasını öz maddi imkanlarına hesabına həyata keçirmək istədiklərini bildirirlər. Hesab edirəm ki, bu yöndə olan təkliflər nəzərə alınarsa, bu həm dövlətin işinə əlavə dəstək olar, həm də məskunlaşmanı sürətləndirə bilər.

- Amma qayıdışa əsas maneə kimi göstərilən mina təhlükəsi qalır və Ermənistanın mina xəritəsini verməməsi Qarabağa köçü gecikdirir. Düşmənin mina xəritəsini təhvil verməməkdə məqsədi nədir?

- Bilrsiniz, bizdə heç sevmədiyim bir tendensiya var. İctimai rəyin formalaşmasında az-çox iştirak edən siyasi şərhçilər, jurnalistlər, ictimai fəallar hazır tezislərdən kənara çıxa bilmir, məsələlərə şablon yanaşmalar nümayiş etdirirlər. Xəritə mövzusu da bunlardan biridir. Hamı eyni sözləri təkrarlayır. Bəli, xəritə tələbi Ermənistana qarşı istifadə etdiyimiz əsas tələblərdən biridir. Amma, bu bəzən Ermənistanın yaxasını kənara çəkməsinə əsaslar verir. Bu günlərdə Kəlbəcərdə mina partlayışı oldu, həmkarlarımızı itirdik. Minanın əraziyə yeni basdırılması ehtimal olunur. Çünki yol işlək olub. Belə bir şəraitdə bəzi xam “şərhçilər” məsələyə münasibət bildirərkən Ermənistandan mina xəritəsi tələb edirlər? Bu zaman artıq, minanın yeni basdırılması, erməni hərbçilərin son vaxtlar bölgədə diversiya fəaliyyəti arxa plana keçir. Ermənistan bildirir ki, onda xəritələr yoxdu və müharibənin acı qalıqları olan bu kimi partlayışlar hər zaman ola bilər. Bununla da yaxasını kənara çəkir. Biz xəritə məsələsindən daha çox, Ermənistanın sərhəd boyunca həyata keçirdiyi diversiya fəaliyyətinə, yeni minalama işlərinə diqqət yönəltməliyik. O zaman, buna qarşı apardığımız əks tədbirlər anlaşılan olacaq.

- Əks-tədbirlər deyərkən nələri nəzərdə tutursunuz?

İlk növbədə nəzərə alınmalıdır ki, sərhədlərin qorunması, anti-terror fəaliyyəti bilavasitə ordunun görməli olduğu iş deyil. Ordu, hərbi əməliyyatları aparır. Problemli sərhədlərin qorunması, təxribat fəaliyyətlərinə qarşı mübarizə xüsusi təyinatlı qüvvələrin işidir. Burada isə xüsusi birliklərdən daha çox xüsusi texniki cihazların tətbiqi daha mühümdür. Nəzərdə tutulmuş sərhəd xətti üzrə gecə görmə cihazlarının, lokatorların qurulması, silahsız və silahlı dronlarla əraziyə nəzarət başlıca şərtdir. Xüsusilə, Kəlbəcər və Laçın ərazisində Ermənistanla, o cümlədən, Qarabağda qalmış erməni silahlı tör-töküntüləri ilə təmas xətti çətin relyefdən ibarətdir. Yalnız gözlə və ya drubinlə nəzarət mümkünsüzdür. Bu baxımdan, müəyyən olunmuş xətt üzrə canlı hərəkəti aşkarlayan nəzarət mexanizmi qurulmalıdır. Azərbaycan öz sərhəd toxunulmazlığını və Ermənistan tərəfindən davamlı şəkildə gələn təhdidləri önləmək üçün ən qəti addımlar atmalıdır. Bundan sonra da oxşar diversiya fəaliyyətləri davam etdirilsə, Azərbaycanla Ermənistan arasında Ermənistanın əraziləri hesabına 5 km enində təhlükəsizlik zolağı yaradılmalıdır.

- Türk dünyası ölkələrinin Qarabağ savaşı zamanında mövqeyini necə qiymətləndirisiniz?

Təbii ki, burada Türkiyənin müstəsnalığı var. Amma reallıqları da nəzərə alaraq deyə bilərik ki, digər Türk dövlətləri də savaş dövründə və ondan sonra Azərbaycanı bu və ya digər şəkildə dəstəklədilər. Bu dövlətlərin üzvü olduğu və qərarlarını dövlətlərin razılığı ilə verən Türk Şurası, Türk PA, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və İrsi Fondu kimi qurumlar savaşın gedişində Azərbaycana birmənalı dəstəklərini dəfələrlə bəyan etdilər. Bu həm də üzv dövlətlərin mövqeyi idi. Savaş bitdikdən sonra isə həmin dövlətlər prezident səviyyəsində Azərbaycanı qələbə münasibətilə təbrik ediblər. Hesab edirəm ki, hər şey istədiyimiz səviyyədə olmasa da, arzuolunmaz səviyyədə də deyil.

Şəbnəm Zahir

AzNews.az