“Məşğulluq marafonu”na start verilir

10 İyun 2021 16:57 (UTC+04:00)

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanların bütün sahələrdə dəstəklə təmin olunması üçün geniş miqyaslı işlər aparılır.

AzNews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, həmin vətəndaşların məşğulluğunun təminatı da aparılan işlərin əsas istiqamətlərindən biridir. Postmüharibə dövründə şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 6400-dən çox şəxsin məşğulluğuna dəstək göstərilib.

Vurğulanıb ki, onlardan 4944 şəxs özünüməşğulluq proqramı ilə əhatə olunaraq, kiçik biznes sahələri yaradılıb, 500-ə yaxın şəxs münasib işlə, 1000-dək şəxs haqqı ödənilən ictimai işlərlə təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə müraciət edərək onları bu istiqamətdə aparılan işlərdə sosial tərəfdaşlıq və milli həmrəylik prinsipindən daha yaxından iştirak etməyə çağırır.

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanların məşğulluğuna dəstək olmaq istəyən işəgötürənlər bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansiyaları barədə məlumatları dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.

Bildirilib ki, növbəti mərhələdə işsiz və işaxtaran kimi “Məşğulluq” altsistemində qeydiyyatda olan şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər toplanmış vakansiyalar üzrə işlərlə təmin olunacaqlar.