“Ümid edirik ki, üçtərəfli işçi qrup yaxın vaxtlarda fəaliyyətini bərpa edəcək” - Zaxarova

10 İyun 2021 18:32 (UTC+04:00)

Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması Azərbaycan, Rusiya və Ermənistan daxil olmaqla regionun bütün ölkələrini maraqlandıran prioritet və vacib tapşırıqdır.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqində bildirib.

Rusiya XİN-in rəsmisi yuxarıda qeyd olunan məsələ barədə razılığın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarında qeyd olunduğunu xatırladıb.

“Bu istiqamətdə işləri aparmaq üç ölkənin Baş nazirlərinin müavinlərinə tapşırılıb. Üç ölkənin mütəxəssisləri tərəfindən kommunikasiyaların bərpa olunması üçün vacib tədbirlərin görülməsi ilə bağlı ekspert analizi aparılıb. Bu, prinsipcə yaxın perspektivdə birgə infrastruktur layihələrinin mərhələli şəkildə həyata keçirilməsinə icazə verəcək. Ümid edirik ki, işçi qrup yaxın vaxtlarda öz fəaliyyətini liderlərin üçtərəfli bəyanatlarına müvafiq olaraq bərpa edəcək”, - deyə M. Zaxarova vurğulayıb.

O, bununla yanaşı, Azərbaycan-Ermənistan dövlət sərhədinin ayrı-ayrı məntəqələrində baş verən gərginliklərin ümumi fonun normallaşmasına yardım etmədiyini də qeyd edib: “Tərəfləri təmkinli olmağa, gərginliyin deeskalasiyasına və ziddiyyətlərin sülh və danışıqlar yolu ilə həllinə çağırırıq”.