Rusiya ümid edir ki, Qarabağda minatəmizləmə prosesi sürətlənəcək - Zaxarova

10 İyun 2021 18:44 (UTC+04:00)

Rusiya ümid edir ki, Qarabağda minaların təmizlənməsi prosesi sürətlənəcək.

Aznews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya Qarabağla bağlı üçtərəfli işçi qrupun yaxın zamanlarda işini bərpa edəcəyinə ümid edir: "Ərazilərin minalardan təmizlənməsi hər bir silahlı münaqişənin ən təhlükəli və çətin aradan qaldırıla bilən problemidir. Rusiya Qarabağın münaqişədən sonrakı minadan təmizlənmə prosesinə böyük töhfə verir. Ötən il noyabrın 23-dən Rusiya sülhməramlı kontingentinin səyləri ilə 26 min partlayıcı maddə aşkar edilib və 2 min hektardan çox ərazi təmizlənib, 2 min tikili və 650 kilometr yoxlanılıb. Biz tərəfləri minalanmış ərazilər haqqında məlumatların mübadiləsi daxil olmaqla minaların təmizlənməsi məsələsində əməkdaşlığa çağırırıq və bu prosesin tezləşdirilməsinə ümid edirik".

Zaxarova əlavə edib ki, Rusiyanın Bakıdakı səfirliyi mina partlaması nəticəsində həlak olmuş jurnalistlərin doğmalarına, yaxınlarına başsağlığı verib: "Biz Bakı və Yerevan ilə mütəmadi təmasdayıq. Tərəfləri minalardan təmizləmə məsələsini yoluna qoymağa, o cümlədən, minalanmış ərazilərin xəritələrini təhvil verməyə çağırırıq. Bu işlərin sürətləndiriləcəyinə ümidvarıq. Bütün humanitar məsələlərin Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 10 noyabr və 11 yanvar tarixli birgə bəyanatlarına tam uyğun şəkildə həll olunmasına tərəfdarıq".