Hilal Məmmədovun məhkəməsi təxirə salındı

19 İyun 2013 10:20 (UTC+04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində "Tolişi Sədo" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

Vəkil Yalçın İmanovun verdiyi məlumata görə, prosesin təxirə salınmasına ittiham tərəfinin şahidlərinin məhkəməyə gəlməməsi səbəb olub.

Proses iyulun 3-də davam etdiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin H. Məmmədovun həbsi ilə bağlı yaydığı məlumatda onun İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək həbs olunduğu, həbs olunan zaman üzərində və yaşadığı mənzildə ümumi çəkisi 33,183 qram olan narkotik vasitə - heroin, həmçinin qanunsuz fəaliyyətində istifadə etdiyi informasiya daşıyıcıları aşkar edildiyi qeyd olunub.

Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.//apa//

AzNews.az