Küləkli hava şəraiti davam edəcək - Proqnoz

19 İyun 2013 11:10 (UTC+04:00)
Azərbaycanda hazırda davam edən qeyri-sabit hava şəraiti iyunun 22-dək davam edəcək. İyunun 22-i gündüzdən yağış tədricən kəsiləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, iyunun 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Gün ərzində küləkli hava şəraiti davam edəcək. Havanın temperaturu gecə 17-22, gündüz 24-29 dərəcə isti olacaq.

İyunun 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. İyunun 21-də axşama doğru şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-19, gündüz 24-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 20 və 21-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı proqnozlaşdırılır. İyunun 20-də arabir güclənən qərb küləyi əsəcək. İyunun 20-də havanın temperaturu Mərkəzi Aran rayonlarında gündüz 28-33, dağlarda 18-23 dərəcə isti təşkil edəcək.

İyunun 21-də havanın temperaturu Aran rayonlarında gündüz 25-30, dağlarda gündüz 14-19 dərəcə isti təşkil edəcək.

AzNews.az