46 mindən çox şagird imtahan verəcək

14 İyun 2021 10:46 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən 16-17 iyun 2021-ci il tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək.

DİM-dən AzNews.az-a verilən məlumata görə, imtahanlar respublikanın 34 şəhər və rayonunda təşkil olunacaq. İmtahanlar saat 11:00-da başlanır.

Başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

İyunun 16-da keçiriləcək imtahanda 23920, iyunun 17-də keçiriləcək imtahanlarda isə 22698 nəfər olmaqla, ümumilikdə 46618 şagirdin iştirakı nəzərdə tutulur.

Ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiz.