İslam Partiyası: “Milli Şuradan çıxacağıq” – Özəl

19 İyun 2013 12:23 (UTC+04:00)


ELÇİN MANAFOV: "SEÇKİLƏRDƏ NAMİZƏDİMİZ MÖVSÜM SƏMƏDOVDUR"


"Bizim üçün əsas partiyanın maraqlarıdır. Əgər partiyanın maraqlarına uyğun olmayan hər hansı bir qərar olarsa və ya vahid namizəd məsələsində mövqeyimiz üst-üstə düşməsə, biz Milli Şuradan çıxacağıq".

Bu sözləri AzNews.az-a açıqlamasında Azərbaycan İslam Partiyasının sədr əvəzi, Milli Şuranın üzvü Elçin Manafov deyib.

O, bildirib ki, onlar Milli Şurada partiya şəklində qoşulmağa razılıq verməyiblər: "Bizim əvvəlcədən də şərtimiz belə olub ki, biz Milli Şurada fərdi qaydada təmsil olunacağıq və sadəcə, onların iclaslarında iştirak edəcəyik. Partiyamızın isə özünün fərqli maraqları və siyasi xətti var".

E.Manafov deyib ki, AİP seçkilərə öz namizədi ilə getmək niyyətindədir:
"Bizim seçkilərdə namizədimiz sədrimiz Mövsüm Səmədovdur. İnanırıq ki, onun günahsızlığı sübuta yetiriləcək və namizədliyi qeydə alınacaq".

Milli Şuranın təşkil edəcəyi kütləvi aksiyalarda islamçıların iştirak edib-etməyəcəklərinə də aydınlıq gətirən sədr müavini MŞ-in mitinqlərində iştirakla bağlı tərəfdarlarına müraciət etməyəcəklərini bildirib: "Biz Milli Şurada partiya qərarı ilə iştirak etmirik. Partiyamız demokratik qurumdur. Burada hər kəs öz sözünü deyə bilir. Partiyada Milli Şurada iştirakla bağlı müəyyən etirazlar da olub. Buna görə də biz bu qurumda fərdi qaydada təmsil olunuruq. Partiya kimi təmsil olunmadığımız üçün də Milli Şuranın mitinqlərində iştirak etməklə bağlı üzvlərimizə müraciət etməyəcəyik".

Anar
AzNews.az