“Azərbaycan NATO-nun dəyərli və etibarlı tərəfdaşıdır” - ABŞ səfiri

16 İyun 2021 18:19 (UTC+04:00)

“NATO və onun əməliyyatları dünyanın müxtəlif nöqtələrində sülhün bərqərar olması üçün çox vacibdir. Xüsusilə qeyd edim ki, Azərbaycanın bu səylərə, NATO-nun Əfqanıstandakı missiyasına töhfəsi dəyərli və stratejidir”.

Aznews.az xəbər verir ki, bunu bu gün Latviyanın Azərbaycandakı səfirliyinin 2021-2022-ci illər üçün NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi ADA Universiteti ilə birgə təşkil etdiyi “Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” adlı beynəlxalq konfransa video-formatda qatılan ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberqer deyib.

O bildirib ki, ABŞ Əfqanıstandakı sülh əməliyyatlarına göstərdiyi dəstək və sadiqliyə görə Azərbaycan da daxil olmaqla, bütün tərəfdaşlarına, dostlarına və müttəfiqlərinə minnətdardır: “ABŞ bu dəstəyi unutmayıb və unutmayacaq. Mən NATO-nun dəyərli və etibarlı tərəfdaşı kimi Azərbaycanın oynadığı roldan təsirlənmişəm. Artıq biz Əfqanıstandan qüvvələri geri çəkirik. Azərbaycan və Türkiyə hərbi qüvvələri Həmid Kərzai Beynəlxalq Hava Limanının təhlükəsizliyini birgə təmin edirdi. Müttəfiq qüvvələri bu hava limanı vasitəsilə Əfqanıstan hökumətinə və təhlükəsizlik qüvvələrinə dəstək verirdi. Buna görə də biz bu hava limanının təhlükəsizliyinin vacibliyini anlayırıq”.

Səfir qeyd edib ki, 120 Azərbaycan hərbçisinin Əfqanıstanda sülh missiyası tərkibində xidmət etməsi Azərbaycanın regional və qlobal təhlükəsizliyə verdiyi töhfənin ən bariz nümunəsidir: “Bildiyiniz kimi, bu cür əməliyyatlarda logistika çox vacibdir. Azərbaycan Əfqanıstandakı missiyada çox vacib transport habı rolunu oynayıb”.

Li Litsenberqer vurğulayıb ki, NATO çərçivəsində bir sıra təlimlər keçirilib və bütün bunlar müdafiə və hərb sahəsində islahatlara təkan verir: “Biz Azərbaycana bu sahədə və onun inkişafı istiqamətində kömək etmişik. Bu prosesi davam etdirmək istəyirik. Bu, institutsional dəstəyi, yəni Azərbaycan hərbi personalının profesionallaşdırılması, hərb elmi ilə bağlı kurikulumun yenilənməsi və hərbi xidmətə çağırışın modernləşdirilməsi kimi sahələri əhatə edir”.