Metyu Brayzanın həyat yoldaşı Türkiyədəki aksiyalardan yazdı

19 İyun 2013 13:50 (UTC+04:00)
"Əsl düşmən hamımızın on illər boyu, hətta bəlkə əsrlərdən bəri qurduğumuz sistemdir"

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzanın həyat yoldaşı, Cənubi Qafqaz bölgəsi üzrə tanınmış tədqiqatçı Zeyno Baran Türkiyədə baş verən olaylara, həmçinin son günlər dünya mediasının diqqət mərkəzində olan "duran adam" aksiyasına münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, Zeyno Baran facebook hesabında "duran adam" aksiyası ilə bağlı fikirlərini paylaşaraq həmin mənzərəni "Atatürkün yüksələn ruhu?" kimi təsvir edib:

"Duran adam" dünyada bir çox insana türklərin azadlıq və insan haqlarına dəstək verməsi üçün ilham qaynağı oldu. O isə, sanki böyük Atatürkün rəsminin gözlərinə baxırdı. Sanki içində Atatürkün ruhunu hiss edirdi. Bu güclü ruh nə qədər imkansız olursa olsun, əsla vaz keçmədi. Atatürk daxili səsini dinlədi və bir an belə türk millətinə olan inamını itirmədi. Bu millətin birlik olanda, müstəqillik savaşını qazanacağını və qismətindəki möhtəşəm ölkəni quracağını bilirdi. Bu gün fəqli etnik kökən,din, siyasi görüş və sairdən ibarət olan millətimizin yenə repressiv güclərə qarşı bir araya gəlib o möhtəşəm ölkəmizi qurmaq hədəfini gerçəkləşdirəcəyinə inanmağı seçə bilərik.

Burada səhv etmək lazım deyil. Düşmən bir siyasi lider ya da partiya deyil. Əsl düşmən hamımızın on illər boyu, hətta bəlkə əsrlərdən bəri qurduğumuz sistemdir. Bu sistem qorxu "o birinə" qarşı nifrət enerjisi ilə bəslənir. İndi bir araya gəlib sevgi və təməlində hər kəsə qarşı anlayış bəsləyən bir sistem qurmalıyıq.

Getdikcə artan qütbləşmədən özümüzü qurtarmaq nə qədər imkansız görünsə belə, biz də "duran adam" kimi fırtınanın tam ortasındakı səssiz və sakit nöqtədə dura bilərik. Bu fırtınanın ortasında Atatürkün gözünün içinə baxaraq içimizdəki gücü aktivləşdirərək yaradıcı zəkamızla birlik yolunu tapa bilərik".

AzNews.az