Nazirlikdən direktor olmaq istəyənlər üçün açıqlama

17 İyun 2021 17:04 (UTC+04:00)

“Məktəb direktorları ilə bağlı imtahanlarda bütün namizədlər iştirak edə bilərlər”.

AzNews.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov nazirliyin rəsmi Feysbuk hesabında canlı yayımda məlumat verib. O qeyd edib ki, əvvəllər müsabiqədə yalnız yerli idarəetmə orqanlarının namizədləri iştirak edə bilirdi, daha sonra bu məhdudiyyət aradan qaldırılıb:

“Son illərdə imtahanlarda daha çox namizəd iştirak edir. Vakant yerlərin sayı illər üzrə 600, bəzən 700-ə çatıb. Bu il 2000-dən çox direktorluğa namizəd test imtahanında iştirak edib, bu mərhələdə 1500-dən çox namizəd keçid balını toplayaraq növbəti mərhələyə dəvət olunacaqlar. Müsahibə mərhələsində bu il keçid balına müəyyən olunarkən namizədlərin seçdikləri vakant yerlərdə təhsil alanların sayı təsir edib. Növbəti həftədən başlayacaq müsahibə mərhələsində ən yüksək bal toplayan namizədlər dəvət olunacaq”.